Bakı şəhərində Azərbaycan Respublikası ilə Avstriya Respublikası
arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və
texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu
iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, iclasda
iştirak etmək üçün Qarışıq Komissiyanın Avstriya Respublikası
tərəfindən həmsədri, bu ölkənin Rəqəmsal və İqtisadi İşlər üzrə
Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri
Franz Vessiqin başçılığı ilə nümayəndə heyəti ölkəmizə səfərə
gəlib.
Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında
Azərbaycanla Avstriya arasında əməkdaşlıq məsələlərindən danışaraq
diplomatik əlaqələrimizin 30 illik tarixə malik olduğunu diqqətə
çatdırıb.
Rəşad Nəbiyev Avstriya nümayəndə heyətinə 44 günlük Vətən
müharibəsi nəticəsində Ermənistan işğalından azad edilən Azərbaycan
ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat
verib.
Nazir bildirib ki, cənab Prezident İlham Əliyevin 2021-ci ilin
fevral ayında müvafiq Sərəncamla təsdiqlədiyi “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də kiçik və orta
sahibkarlığın inkişafı, ixracın artımı və özəl investisiyaların
təşviqi iqtisadi artımın mühərrikləri kimi vurğulanır.
Rəşad Nəbiyev əlavə edib ki, Azərbaycan və Avstriyanın
ixracatçıları və onların məhsulları haqqında mütəmadi məlumat
mübadiləsi, işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması
vacibdir. Qarışıq Komissiya bu cür məlumat mübadiləsinin təşviq
edilməsi və yeni işgüzar münasibətlərin qurulması üçün effektiv
platforma rolunu oynayır.
Nazir Komissiyanın 10-cu iclasının keçirilməsinin əlaqələrimizin
inkişafı üçün faydalı olacağına əminlik ifadə edib.
İclasda iki ölkə arasında iqtisadi, elmi və texniki əməkdaşlığın
cari vəziyyəti müzakirə olunub. Eyni zamanda ticari və iqtisadi
əlaqələr, nəqliyyat, İKT, kənd təsərrüfatı, qida təhlükəsizliyi,
enerji, turizm və mədəniyyət sahəsi üzrə əməkdaşlığın
perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İclasın sonunda Azərbaycan Respublikası ilə Avstriya
Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye,
texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq
Komissiyanın 10-cu iclasının Protokolu imzalanıb.