Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyub – “AmCham”ın prezidenti (MÜSAHİBƏ)

Azərbaycan ilə ABŞ arasında dinamik inkişaf edən iqtisadi
əlaqələr yeni mərhələyə qədəm qoyub.

Bunu AzerTimes-a müsahibəsində Azərbaycanda Amerika Ticarət
Palatasının (“AmCham”) prezidenti Nərgiz Nəsrullayeva deyib.

O qeyd edib ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci
ildə qurulub.

“30 il ərzində Azərbaycan ilə ABŞ arasında münasibətlər müxtəlif
sahələri əhatə edib. Ölkələrimiz arasında iqtisadiyyat, enerji,
təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq əlaqələri möhkəmlənib.
Bu tərəfdaşlığın ilkin mərhələsində, 1996-cı ildə Azərbaycanda
Amerika Ticarət Palatası yaradılıb və fəaliyyətinin ilk günlərindən
iki ölkənin biznes strukturları arasında iqtisadi əlaqələrin
qurulmasına kömək edib. Bu gün Palata Azərbaycan iqtisadiyyatının
19 sahəsini təmsil edir və Azərbaycanda biznesin “səsi” olaraq
250-dən çox şirkəti birləşdirir və bu şirkətlərdə ABŞ və Azərbaycan
kapitalı ilə yanaşı, transmilli korporasiyalar da təmsil olunur.
ABŞ Azərbaycanda və Xəzər hövzəsinin digər regionlarında neft və
qaz yataqlarının işlənməsini daim dəstəkləyir. Azərbaycanın neft və
qaz ehtiyatları Avropa və digər bazarlara çatdırılır və bu da öz
növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə
mühüm töhfə verir”, – deyə N.Nəsrullayevə bildirib.

Onun sözlərinə görə, ötən illərdə Oklahoma və İllinoys
ştatlarında ABŞ və Azərbaycandan olan siyasətçiləri və kənd
təsərrüfatı istehsalçılarını bir araya gətirən kənd təsərrüfatı
forumları keçirilib.

“Bu tədbirlərin keçirilməsində məqsəd ABŞ-ın iri kənd
təsərrüfatı ştatlarının kənd təsərrüfatı sahəsində fəaliyyət
göstərən iş adamları ilə azərbaycanlı sahibkarlar arasında
əməkdaşlığın qurulması, heyvandarlığın inkişafı, orta və iri fermer
təsərrüfatlarının idarəsi və məhsuldarlığın artırılması üçün kənd
təsərrüfatı sektorunda tətbiq olunan yeni üsullarla tanış olmaq,
dənli və paxlalı bitkilərin müasir üsullarla becərilməsi
məsələlərini müzakirə etmək olub. Biz son illərdə Azərbaycanda
fəaliyyət göstərən iri amerikalı investorların və transmilli
şirkətlərin nümayəndələri üçün də ABŞ-a işgüzar səfər təşkil
etmişik. Bu səfər çərçivəsində nümayəndə heyəti Konqres üzvləri və
ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirib.
Səfərin əsas məqsədi ABŞ tərəfini Azərbaycanda mövcud iqtisadi
vəziyyət, biznes imkanları və investorlar üçün əlverişli şərait
haqqında məlumatlandırmaq olub. Görüşlərdə Azərbaycana “Doing
Business” və “Global Competitiveness” reytinqlərində daha yüksək
mövqe tutmağa imkan verən son illərdə baş vermiş müsbət
dəyişikliklərdən danışılıb.

ABŞ-ın müstəqil analitik mərkəzinin təşəbbüsü ilə “Xəzər Siyasi
Mərkəzi” çərçivəsində Azərbaycan və ABŞ arasında ticarət,
infrastrukturun inkişafı və enerji tərəfdaşlığı sahələrində
əlaqələrin müzakirəsi və inkişafına həsr edilmiş bir sıra
tədbirlərin təşkilini də qeyd etmək istərdim”, – deyə “AmCham”ın
prezidenti bildirib.

N.Nəsrullayeva qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə
“AmCham” həm müstəqil şəkildə, həm də digər biznes assosiasiyalarla
birgə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, ölkə Prezidenti
və xalqına dəstək bildirən və qəti şəkildə Ermənistanın Azərbaycana
qarşı təcavüzünü pisləyən bəyanatlarla çıxış edib. O qeyd edib ki,
müharibənin başa çatmasında sonra “AmCham” bu istiqamətdə dəstəyini
davam etdirib, Prezident İlham Əliyev tərəfindən YAŞAT Fondunun
yaradılmasını alqışlayıb və fondu kömək göstərib.

“Vurğulamaq lazımdır ki, ABŞ şirkətləri hər zaman Azərbaycanda
öz bizneslərinin genişlənməsində maraqlı olub. Nümunə olaraq, bizim
Qarabağ Dirçəliş Fondu ilə birgə erməni işğalından azad edilmiş
Ağdam şəhərinə təşkil etdiyimiz səfərləri göstərmək olar. Burada
şirkətlərimizə regiona mümkün investisiyalar üçün şərtlər barədə
məlumat verilib.

Azad edilmiş ərazilərdə aparılan bərpa işləri, o cümlədən enerji
infrastrukturunun bərpası, eləcə də regionun böyük su, günəş və
küləlk enerjisi potensialı, Prezident İlham Əliyevin tapşırığı ilə
“yaşıl” enerji zonasının yaradılması planları və bu sahədə həyata
keçirilən tədbirlər təşkilatımızın üzvlərinin xüsusi diqqət
mərkəzindədir”, – deyə o bildirib.

O deyib ki, Azərbaycan beynəlxalq iqtisadi əlaqələrin
genişlənməsinə böyük əhəmiyyət verir və bu baxımdan işgüzar
dairələrin iştirakı ilə təşkil olunan tədbirlər ABŞ-la Azərbaycan
arasında əməkdaşlığın dərinləşməsində vacib rol oynayır.

“Hesab edirik ki, ticarət missiyaları və digər birgə tədbirlər
ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafına xidmət edir.
200-dən çox ABŞ şirkətinin Azərbaycan iqtisadiyyatının müxtəlif
sahələrində təmsil olunması faktı, eləcə də son dövrlərdə iki ölkə
arasında ticarət dövriyyəsinin artması iki ölkə arasında
ticari-iqtisadi əlaqələrin yüksək səviyyəsini göstərir.

2022-ci il ölkələr arasında iqtisadi münasibətlərin yeni
dövrünün inkişafına təkan verəcək. Biz inanırıq ki, yaxın
zamanlarda bütün bu işlərin müsbət nəticələrini görəcəyik və ölkə
iqtisadiyyatında ABŞ şirkətlərinin rolunun artmasına nail
olacağıq”, – N.Nəsrullayeva deyib.

“AmCham” prezidenti vurğulayıb ki, 1994-cü ildə “Əsrin
müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanla ABŞ arasında
iqtisadi əlaqələr daha da genişlənib.

“Ölkələrimiz investisiyalar sahəsində uğurla əməkdaşlıq edir və
bunun əsas həcmi neft-qaz sektorunun payına düşür. Azərbaycan
iqtisadiyyatının bu sektorunda ABŞ investisiyalarının həcmi 12,8
milyard dollar təşkil edib. Ümumilikdə isə, bu rəqəm 14 milyard
dollara çatır. Enerji sektorunda reallaşdırılan irimiqyaslı
layihələr regionun inkişafına güclü təkan verə bilər. Bu gün
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin işə düşməsi və Avropanın enerji
təhlükəsizliyində iştirakı sayəsində qaz ixracatçısına çevrilib.
Vurğulanmalıdır ki, ABŞ Azərbaycanın təşəbbüsü və iştirakı
irimiqyaslı və strateji layihələrin reallaşdırılmasına daim dəstək
göstərir”, – o deyib.

N.Nəsrullayeva əlavə edib ki, Azərbaycanın neft-qaz sektoru uzun
inkişaf yolu keçib və ölkənin inkişafına xüsusi töhfə verməkdə
davam edir.

“Bununla yanaşı, dövlətimizin iqtisadiyyatın səmərəliliyi və
rəqabətqabiliyyətliyilinin artırılması istiqamətində başlıca
prioritetlərindən biri qeyri-neft sektorunun inkişafının təmin
olunmasıdır. Məhz bu səbəbdən biz ölkəmizdə qeyri-neft sektorunun
inkişafı üzrə daha intensiv addımlar atırıq və bu sahədə
tövsiyyələrimizi verməklə hökumətlə əməkdaşlıq edirik”, – o
deyib.

Yekunda “AmCham” prezidenti bildirib ki, yaxın illərdə
Azərbaycanda biznes mühitinin inkişafı və dövlət-özəl
tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətində fəaliyyəti davam
etdirmək planlaşdırılır.

“Nəzərə alsaq ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı
prioritet istiqamətdir, biz bu istiqamətdə, eləcə də ölkəmizə
birbaşa xarici investisiyaların cəlb olunması ilə bağlı intensiv iş
planlaşdırırıq. Bununla yanaşı, korporativ sosial məsuliyyət
siyasətimiz çərçivəsində biz təhsil sahəsində yeni layihələr
reallaşdırmağı planlaşdırırıq. Eyni zamanda, biz iqtisadiyyatın
aparıcı qüvvəsi olan kiçik və orta sahibkarlığın, o cümlədən qadın
sahibkarlığı və ailə biznesinin inkişafı üzrə bir sıra layihələr
icra etməyi planlaşdırırıq”, – N.Nəsrullayeva deyib.

Teqlər: