Azərbaycan və ABŞ aralarında Avropa və digər ölkələr üçün də
böyük fayda verən əlaqələr qurublar.
Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert
Sekuta deyib.
“ABŞ Prezidenti Co Baydenin Müstəqillik Günü münasibətilə
Prezident İlham Əliyevə müraciətində də qeyd etdiyi kimi, Amerika
Birləşmiş Ştatları ilə Azərbaycan arasında uzun illər davam edən
möhkəm tərəfdaşlıq kritik bir zamanda öz bəhrəsini verir. Bu illər
ərzində birlikdə çalışaraq və enerji layihələrini həyata
keçirməklə, baxmayaraq ki bəzi skeptiklər onların həyata
keçirilməsinə şübhə ilə yanaşırdı, ölkələrimiz Avropa və digər
ölkələr üçün böyük fayda verən, qlobal enerji təhlükəsizliyi üçün
mühüm əhəmiyyət kəsb edən əlaqələr qurublar”, – R. Sekuta qeyd
edib.
Onun sözlərinə görə, dünya enerjinin təhlükəsiz axını ilə bağlı
təhdidləri yenidən dərk etdikcə, Azərbaycan bu məsələdə gələcək
illərdə də mühüm rol oynaya bilər.
“Prezidentin məktubunda qeyd edildiyi kimi, enerji
tərəfdaşlığımız gələcək əlaqələrimizi qura biləcəyimiz və davam
etdirməli olduğumuz təməldir. Cənubi Qafqazda davamlı sülhün
qurulmasının vaxtı çatıb. Prezident birmənalı deyir ki, Birləşmiş
Ştatlar sülhün qurulmasına kömək edə bilər və bunu istəyir.
Prezident Baydenin qeyd etdiyi kimi, Amerika Birləşmiş Ştatları
Azərbaycan və Ermənistan arasında diplomatik təmasların
intensivləşdirilməsinə və Azərbaycan tərəfindən Qafqaz və
Transxəzər regionunun çiçəklənməsinə səbəb olacaq iqtisadi,
nəqliyyat və xalqlararası əlaqələrin qurulmasına kömək etməyə
hazırdır. Bilirəm ki, azərbaycanlıların çoxu bunu çoxdan istəyirdi.
Bu, çox vacibdir ki, həm Azərbaycan, həm də Ermənistan bu fürsətdən
istifadə edərək ABŞ-la qarşılıqlı tımasda olsunlar”, – ABŞ-ın
keçmiş səfiri fikrini tamamlayıb.