Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu
heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan
Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında
dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata
keçirir.
AQTA-dan Trend-ə verilən məlumata görə, ümumdünya Heyvan
Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzair Xalq Demokratik
Respublikasının Qelma və Becaya əyalətlərində dabaq, Macarıstanın
Çonqrad-Çanad inzibati ərazi vahidində və Meksika Birləşmiş
Ştatlarının Koauila ştatında isə yüksək patogen quş qripi xəstəliyi
qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu
heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzair Xalq
Demokratik Respublikasının Qelma və Becaya əyalətlərindən diri
heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına,
həmçinin tranzit daşınmasına, Macarıstanın Çonqrad-Çanad inzibati
ərazi vahidindən və Meksika Birləşmiş Ştatlarının Koauila ştatından
OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən,
zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya
yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan
quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət
məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən
termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və
quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji
sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla),
quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş
avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin
inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan
Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq
olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə
Əlcəzair Xalq Demokratik Respublikasından, Macarıstandan və Meksika
Birləşmiş Ştatlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat
vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.