Azərbaycan TV-ləri Simonyanın bu müsahibəsini yaymadı?

Azərbaycan TV-ləri Simonyanın bu müsahibəsini yaymadı?

Ermənistan parlamentinin sədri Alen Simonyan Bəhreyndə Azərbaycan mediasına müsahibə verdiyini iddia edib.

AzerTimes xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında məlumat yayıb.

Simonyanın sözlərinə görə, sammitdəki çıxışından sonra azərbaycanlı jurnalistlər ona yaxınlaşaraq iki suala cavab verməsini istəyiblər:

“Onlara cavabımı onsuz da yaymayacaqları ilə bağlı desəm də, media nümayəndələri etiraz etdilər. Onlar Qarabağda “üç polisin” (Xankəndidəki separatçı rejimin üzvləri – red.) ölümü ilə nəticələnən atışma barədə soruşdular. Mən onlara dedim: insan həyatı ilə oynamayın, biz Qarabağa silah daşımırıq, boş yerə axtarmayın. Müxbirlərin ikinci sualı minaların daşınması ilə bağlı oldu.

İndiyə qədər bu müsahibədən bir parça belə dərc olunmayıb”.

Qeyd edək ki, Ermənistanın 44 günlük müharibədən sonra Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına mina daşıması faktının sübutu artıq beynəlxalq miqyasda da təqdim edilib. Belə ki, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə aşkarlanmış mina zərərsizləşdirilmişdi. Əraziyə sülhməramlılarla bərabər, Rusiya-Türkiyə Monitorinq Mərkəzinin əməkdaşları da dəvət edilmiş və fakt sənədləşdirilmiş, Ermənistanda 2021-ci il istehsalı olan minaların Laçında peyda olma səbəblərinə aydınlıq gətirilməsi istənilmişdi. Bu fakt Ermənistanın Laçın yolundan istifadə ilə Azərbaycan ərazisinə mina daşımasının sübutudur!

2021-ci il iyunun 4-də isə Ermənistan diversantlarının təmizlənmiş yola gecə ilə mina döşəməsi nəticəsində Kəlbəcərin Susuzluq kəndi ərazisində çəkiliş aparan jurnalistlər həlak olmuşdular.

Ermənistan ordusunun 44 günlük savaşdan sonra Azərbaycan ərazisinə keçib, mina döşədiyini təsdiqləyən onlarla fakt var – erməni diversantlardan ələ keçənlər də olmuşdu.

O ki qaldı silah daşınmasına, bunun görüntüləri günlərdir ki, yayılır: Əgər doğrudan da Ermənistan hərbi yük maşınlarında rus sülhməramlıların müşayiəti ilə daşınanların silah-sursat olmadığını iddia edirsə, onda adi bir suala cavab vermələri gərəkdir: Rus sülhməramlıların müşayiət etdiyi bütün kolonlar Xankəndi yolundakı aksiya ərazisindən rahatlıqla keçirsə, onda niyə o yük maşınları gizli torpaq yolu ilə – Xəlfəli-Turşsu-Xankəndi marşrutu üzrə hərəkət etməlidir? Hansı səbəbdən “humanitar yük” dolama, torpaq yoldaş keçməklə aparılmalıdır?

UAZ markalı maşını da azərbaycanlı əsgərlər yoxlama üçün saxlamışdılar – UAZ-ın içərisindən azərbaycanlı əsgərlərə atəş açılması və 2 əsgərimiz şəhid olmasını video-görüntülər də sübut edir. Yalnız bundan sonra Azərbaycan əsgərləri atəşlə cavab vermişdilər.

Sual: separatçı “pasport və qeydiyyat şöbəsinin” əməkdaşları niyə silahlı idilər? Gizli Xəlfəli yolu ilə hara gedirdilər, kimin “pasportunu” düzəltməyə silahlanıb yollanırlar?

Daha bir sual: Azərbaycan əsgəri o UAZ-ı məhv etmək niyyətində idisə, niyə yaxınlaşıb, qapını açdırıb, yoxlayırdı? Elə UAZ yaxınlaşanda onu güllabaran edə və yaxud məsafədən qumbaraatanla məhv edə bilməzdimi?

Bu suallar da Simonyana verilibmi və Simonyanın cavabı nə olub?

Teqlər: