Azərbaycan Türkiyənin sığorta modelini inteqrasiya etməyi planlaşdırır

Azərbaycan Türkiyənin sığorta modelini inteqrasiya etməyi
planlaşdırır.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru
Ziya Əliyev “Yaşıl Kart” nəqliyyat vasitələrinin mülki məsuliyyət
sığortası sisteminin inteqrasiyası barədə protokolun imzalanması
mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanda sığorta sektoru 15 il ərzində
inkişaf edir və bu gün ümumi daxili məhsulun təxminən bir faizini
təşkil edir.

“Bu sektor gələcək inkişaf potensialına malikdir. Bundan başqa,
bizim Türkiyə ilə birgə bir sıra layihələrimiz var ki, onları
inkişaf etdirməyi planlaşdırırıq. Türkiyənin sığorta sektoru 150
illik tarixə malikdir və Azərbaycan üçün bu, tətbiq edə biləcəyi
böyük təcrübə deməkdir”, – deyə o bildirib.

Baş direktor bildirib ki, ilk dəfə iki ölkənin strukturları
arasında “Yaşıl Kart” nəqliyyat vasitələrinin mülki məsuliyyət
sığortası sisteminin inteqrasiyası barədə memorandum imzalanır.

“Azərbaycan Mərkəzi Bankı bu sektorun inkişafı ilə bağlı müvafiq
proqram hazırlayıb. Bu proqram, xüsusilə, icbari sığorta, əhali və
biznesin məlumatlandırılması, infrastruktur və dəstək alətləri
istiqamətlərini əhatə edir. Eyni zamanda sığorta sektoru Mərkəzin
Bankın yeni inkişaf proqramına da daxildir”, – Z.Əliyev deyib.

(Tərcümə: Orxan Nəbiyev)