Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır – Vüqar Rəhimzadə

44 günlük İkinci Qarabağ müharibəsində dövlət başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusunun yazdığı şanlı Zəfər 30 illik işğala son qoymaqla yanaşı,
ədaləti bərpa etdi, beynəlxalq hüququn mövcudluğunu, onun zamana və
məkana görə tətbiqinin mümkünsüzlüyünü, kimin haqqın, kimin şərin
yanında olduğunu nümayiş etdirdi. Bu reallıqların fonunda
Azərbaycan-Türkiyə qardaşlığı, əməkdaşlığı liderlərimizin birgə
qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli
layihələr özünü daha qabarıq şəkildə büruzə verdi. Vətən
müharibəsinin baş verdiyi andan Azərbaycanın yanında olan,
“Azərbaycan tək deyil” mesajını dünyaya ünvanlayan qardaş
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk xalqının
dəstəyi ölkəmizə güc verdi, daha böyük ruh yüksəkliyi ilə irəliyə
doğru addımlamağımızı şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin
mayın 14-də Türkiyəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı
ilə birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak
etməsi bu birliyin, həmrəyliyin növbəti təzahürü kimi
dəyərləndirildi. Dövlət başçısı İlham Əliyevin “Biz hər zaman bir
yerdəyik” çağırışı dünyaya ünvanlanan növbəti mesaj oldu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, açılış mərasimindən öncə
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın görüşündə iki müttəfiq ölkə arasında dostluq və
qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi
bildirildi: “Postmünaqişə dövrünün mühüm reallıqlarından biri
Azərbaycan-Türkiyə müttəfiqliyinin rəsmi sənəddə öz təsdiqini
tapması oldu. Belə ki, qardaşlığı, dostluğu və müttəfiqliyi özündə
əks etdirən Bəyannamənin imzalanmasına Azərbaycanın döyünən ürəyi,
Qarabağın tacı Şuşa şahidlik etdi. Bəyannamədə qarşıdakı dövrdə iki
qardaş ölkə arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə
inkişafının yol xəritələri öz əksini tapıb. Prezident İlham
Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün
qardaş ölkəyə dəvət olunması bu birliyin sarsılmazlığının,
liderlərin bir-birinə səmimi münasibətlərinin, ən əsası önəmli
hadisələrdə biri-birinin yanında çiyin-çiyinə olmaq istəklərinin
təqdimatı oldu. Açılış mərasimində diqqət çəkən mənzərələrdən biri
məhz bu səmimiyyət ruhunda dövlət başçılarının xoş ovqatla, “Bir
millət, iki dövət”in bir-birinə uzatdığı dostluq, qardaşlıq,
müttəfiqlik əllərinin liderlərin timsalında birləşdirilmiş formada
dünyaya təqdim etdirilməsi oldu.”

Diqqəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər
paradında, həmçinin ötən ilin oktyabrında Füzuli Beynəlxalq Hava
Limanının açılışında Azərbaycan Prezidentinin yanında olmasına
yönəldən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Prezident
İlham Əliyevin açılış mərasimində səsləndirdiyi “İkinci Qarabağ
savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala
son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım
Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə
Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu.
Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana
qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və
Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq” fikirləri
dünənə baxış və qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi
dəyərləndirilir.

Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin
qurulmasının 30 ilinin tamam olduğunu önə çəkərək iki qardaş
ölkənin ayrı-ayrı sahələrdə əməkdaşlığının genişləndirilməsi
fonunda qazanılan uğurlardan bəhs edib: “Tərəflər arasında hərbi
əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq 44 günlük
İkinci Qarabağ müharibəsində öz nəticəsini göstərdi. Azərbaycan
Silahlı Qüvvələrinin hərbi təlimlərdə fəal iştirakı, beynəlxalq
standartlara uyğun maddi-texniki bazasında formalaşdırılması
ordumuzun döyüş qabiliyyətinin artmasında əhəmiyyətli rol oynadı.
İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi qeyd
olunmalıdır. Zəfər paradı hər iki ölkənin bu sahədə malik olduqları
imkanların, birliyin, həmrəyliyin bir daha nümayişi oldu. Dünya bu
təqdimatın hələ 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100
illik yubileyi münasibətilə Azərbaycan-Türkiyə əsgərlərinin
möhtəşəm paradında şahidi olmuşdu. Həmin paradda bu əminlik ifadə
edilmişdi ki, gün gələcək Azərbaycanın dövlət bayrağı işğal altında
olan bütün torpaqlarımızda qaldırılacaq.”

“İlyarımdır Zəfərin sevincini dost, qardaş ölkə ilə birgə
yaşayırıq. Otuz il dağıdılıb məhv edilən ərazilərdə şanlı
Zəfərimizdən sonra başlanan quruculuq və bərpa işlərinə daim
ölkəmizlə çiyin-çiyinə olan qardaş Türkiyənin dəstəyi böyükdür.
Azad edilmiş ərazilərdə birinci aqropark Zəngilan rayonunda
yaradılır. Ötən il Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə
səyləri nəticəsində tikintisi başa çatan Füzuli Beynəlxalq Hava
Limanının açılışında iştirak edən Azərbaycan və Türkiyə
prezidentləri sonra Zəngilana gələrək burada “ağıllı kənd” layihəsi
çərçivəsində görülən işlərlə tanış oldular, həmçinin birlikdə “DOST
Aqropark” adlandırılan investisiya layihəsinin təməlini qoydular.
Bu layihə iki qardaş ölkənin müştərək investisiya layihəsidir.
Prezident Rəcəb Tayyib Ərdoğanın azad Qarabağa ilk səfər edən
dövlət başçısı kimi Şuşada olması, sonra Füzuli Beynəlxalq Hava
Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki,
Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi möhkəm təmələ
əsaslanır, ən əsası ölkələrimiz sevincli, kədərli günlərində bir
yerdədirlər və bu birlik dünyaya nümunədir. Böyük öndər Mustafa
Kamal Atatürkün qeyd etdiyi kimi, Azərbaycanın sevinci Türkiyənin
sevinci, kədəri Türkiyənin kədəridir. Bu fikirlərə istinadən dövlət
başçısı İlham Əliyev bunu əlavə edir ki, Türkiyənin sevinci
Azərbaycanın sevinci, kədəri Azərbaycanın kədəridir. Azərbaycan
Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və
inkişaf strategiyasının təntənəsi kimi dəyərləndirilən bu
addımlarının davamlılığı şübhəsizdir. İki dost, qardaş ölkə
birlikdə daha möhtəşəm uğurlara imza atacaq, dastanlar yazacaqlar.
Cənab Rəcəb Tayyib Ərdoğan 2020-ci il 10 dekabr tarixində Zəfər
paradında iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində
sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında qeyd etdiyi
kimi, hələ atılacaq çox imzalar olacaq. Bu fikir fonunda böyük
qürur hissi ilə qeyd edirik ki, ötən il Milli Qurtuluş Günündə
Azərbaycanla Türkiyə arasında müttəfiqliyin təsdiqi olan Şuşa
Bəyannaməsinin imzalanması uğurlarımızın zirvəsi oldu”,-deyə Vüqar
Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki,
Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli və genişmiqyaslıdır.
Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və
strateji müttəfiqliyə əsaslanır. Postmünaqişə dövrünün reallıqları
fonunda gerçəkliyə çevriləcək layihələr bu münasibətləri daha
yüksək zirvələrə qaldıracaq.

Teqlər: