Azərbaycan-Türkiyə münasibətləri dünyada qardaşlıq simvoluna çevrilib – Şahin İsmayılov

Heç kimə sirr deyil ki, qardaş Türkiyənin İstanbul şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü dünyanın diqqətini cəlb edən böyük bir siyasi hadisədir. Bu ilk növbədə bütün dünyaya Türkdilli ölkələrin birliyini bir daha nümayiş etdirir. Bu birlik regionda və dünyada sülhün, əmin-amanlığın qorunmasında müstəsna rol oynayır. Dövlət başçıları Türkiyə demokratiyasının rəmzi hesab edilən Demokratiya və Azadlıqlar Adasından bütün dünyaya inkişaf etdirdikləri demokratik ölkələrin diplomatik missiyalarını bəyan etdilər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi bütün türk dünyasının qardaşlığını, eyni zamanda regionda ədalətin bərqərar edilməsinin yüksək rəğbətlə qarşılandığını ifadə edir. Dövlət başçılarının təşəbbüsü və imzası ilə belə bir təltifetmə böyük qələbədən sonra qalib xalqın ortaq dəyərlərə sahib türk dünyası tərəfindən mükafatlandırılması anlamına gəlir. Müzəffər Ali Baş Komandanımız xalqın sevgisi və birliyindən güc alır. Bu güc ona ölkəmizi inkişaf etdirmək və lider dövlətə çevirmək missiyasında böyük stimul verib. Cənab Prezidentin Zirvə görüşündə Türk Dünyasının Ali Ordeni ilə təltif edilərkən “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır” deyə qeyd etməsi Azərbaycanda prezident-xalq birliyini təcəssüm edir.

Əsasən “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusuna həsr olunan Zirvə görüşü müzakirə və icra olunan bir neçə vacib qərarlarla yadda qaldı. Onlardan biri də Təşkilatın adınının dəyişdirilərək bundan sonra “Türk Dövlətləri Təşkilatı” adlandırılması oldu. “Türk dünyasına baxış – 2040” sənədinin qəbulu ilə bağlı Qərar türk dünyasının inkişafı üçün mühüm töhfələr verəcək. Digər əhəmiyyətli qərar isə Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında idi. Bu qərarın icrası Türk dünyasının iqtisadiyyatının davamlı inkişafına təkan verəcək.

Azərbaycan Prezidenti türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətinin olduğunu ifadə edərək türk dünyasının lideri, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyənin güclənməsi və bunun türk dünyası üçün əhəmiyyətindən danışmaqla müdrik xalqımızın qardaş ölkəyə və onun rəhbərinə olan ehtiramından irəli gəlir. Azərbaycan-Türkiyə münasibətləri dünyada qardaşlıq simvoluna çevrilib. Bu və Türk dünyasında olan birlik Türk Dövlətləri Təşkilatının güclənməsinə zəmin yaradacaq.

Ümumilikdə, dövlət başçılarının çıxışlarında toxunduğu məqamların hər biri dərin məna kəsb edib. Bu baxımdan Zirvə görüşü həm bu günə qədər türk dünyasında görülən işlərin təqdimatı, həm də yeni hədəflər üçün əzəli birliyin, birgə fəaliyyətin daha da inkişaf etdirilməsi etdirilməsi anonsunu vermiş oldu.

Şahin İsmayılov,
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

Teqlər: