DGK-nın rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarının işi üzrə şahidlər dindirilib

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DGK) rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarının işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət vermək istəyiblər. Hakim bildirib ki, şahidlərin ifadəsindən sonra vəsatətlər verilə bilər.

Prosesdə ifadə verən şahid İlahə Əliyeva bildirib ki, ibtidai istintaqa ifadə verib: “Bakı Baş Gömrük İdarəsinin əməkdaşıyam. Məni ibtidai istintaqa çağırdılar. Məndən bəyannamələr, ƏDV-lərin necə köçürüldüyünü soruşublar. Müvəqqəti idxalla bağlı suallar verilib, cavablandırmışam. Mirzəyev Elmarın hər hansısa rüşvət alması, kimləsə sövdələşməsi barədə məlumatım yoxdur. Mənə istintaqda Ceyhun Şabanov barədə suallar verdilər, tanımadığımı bildirdim”.

Prosesdə şahidin ifadəsi elan olunub. İfadədə bildirilir ki, müvəqqəti idxal zamanı bir neçə mal barədə bəyənnamədə məlumat yox idi.

Müdafiə tərəfin suallarına cavab olaraq şahid bildirib ki, o hansı fakt üzrə məhkəməyə çağırıldığını bilmir: “Mənə ancaq malların saxlanması ilə bağlı göstəriş verilib. Mən də o barədə ifadə vermişəm”.

Şahid Faiq Allahverdiyev isə bildirib ki, Elmar Mirzəyevin sürücüsü olub: “Elmar Mirzəyev mənə sürücülükdən başqa iş tapşırmayıb. Adıma bank hesabı açmışam, maşın götürmüşdüm. Ora pul köçürürdüm, yığılırdı, maşının pulunu ödəyirdim. Sonradan kartı istifadə etmədiyim üçün Elmar Mirzəyev istədi, verdim. Dedi mən istifadə edəcəyəm. Hesabıma köçürülmə olub-olmadığından xəbərim yoxdur”.

Şahid Elçin Cavadov isə deyib ki, istintaqa verdiyi ifadəsini təsdiq edir.


Vəkillər təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qəti imkan tədbirlərinin ev dustaqlığına dəyişdirilməsini istəyib.

Dövlət ittihamçısı vəsatətlərə baxılması barədə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib. Vəkillər bildiriblər ki, vəsatətlər təxirə salınmadan baxılmalıdır.

Proses noyabrın 22-də davam etdiriləcək.

İttihama görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev, gömrük əməkdaşı Orxan Zöhrabov habelə «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.

Teqlər: