Azərbaycan-Türkiyə münasibətləri ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsidir – Səttar Möhbalıyev

Azərbaycan-Türkiyə əlaqələri davamlı olaraq yüksələn xətlə
inkişaf etməkdədir, münasibətlərimizdə günü-gündən yeni parlaq
səhifələr açılır. Siyasi, iqtisadi-ticarət əlaqələri, enerji,
mədəniyyət, təhsil sahəsindəki əməkdaşlığımız maksimum səviyyəyə
çatıb. Əlaqələrimizin bu səviyyəyə çatması, təbii ki, hər iki
ölkənin dövlət başçılarının xüsusi xidmətləri sayəsindədir.
Xatırladım ki, möhtərəm Prezidentimiz İlham Əliyev müxtəlif
beynəlxalq tədbirlərdə Türkiyəyə birmənalı dəstəyini ifadə edir.
Eyni münasibət qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan
tərəfindən də sərgilənir. Bu, dövlətlərimiz və xalqlarımız arasında
movcud olan həmrəyliyin və birliyin təcəssümüdür.

Bu fikirləri AzerTimes-a açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin əməkdaşlıq
əlaqələri unikal müttəfiqliyin bariz nümunəsidir: “Münasibətlimizin
daha da dərinləşməsində ötən il iyunun 15-də imzalanmış Şuşa
Bəyannaməsini xüsusi olaraq qeyd etmək istərdim. Bəyannamədəki
bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatı üçün
əlverişli imkan yaradır. Vətən müharibəsi dövründə qardaş ölkənin
mənəvi və diplomatik dəstəyini unutmaq olmaz. Əks-hücum
əməliyyatları başlayan ilk saatlardan cənab Rəcəb Tayyib Ərdoğan
başda olmaqla bütün Türk xalqının bizi dəstəkləməsi, sözün həqiqi
mənasında, təmənnasız qardaşlığın böyük təntənəsi idi. Türkiyənin
bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün
sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq
təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri
çəkilmədi. Bu, tarixə düşmüş böyük qardaşlığın əyani
əlamətidir”.

Dövlət başçılarının qarşılıqlı səfərlərini xatırladan Milli
Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Türkiyə şad gündə də,
dar gündə də hər zaman biri-birinin yanındadır: “Cənab Rəcəb Tayyib
Ərdoğanın 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradında
iştirak etməsi, işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər
etməsi, həmçinin Füzuli Beynəlxalq Hava Limanının açılışına
qatılması dediklərimizin bir daha təsdiqidir. Və bu münasibətlər
bütün dünyaya nümunə olacaq səviyydədir. Yeri gəlmişkən, bu il
mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi
keçirildi. Belə bir mötəbər tədbirdə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidentinin iştirak
etməsi, orada çıxış edərək Hava Limanının işinə uğurlar arzulaması
münasibətlərimizin inkişafı istiqamətində mühüm hadisələrdən biri
kimi dəyələndirərdim. Tədbirdə iki ölkə arasındakı münasibətlərin
səviyyəsindən danışan dövlətimizin başçısı cənab İlham Əliyev
Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni
layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək Rize-Artvin
Hava Limanının açılışında Türk qardaşlarımızla bərabər olmaqdan
məmnunluğunu ifadə etdi. İnanırıq ki, reallaşdırılan bütün bu
səfərlər, görülən işlər əlaqələrimizi daha da dərinləşdirəcək,
əməkdaşlığımızı möhkəmləndirəcək”.

Teqlər: