Xəbər - Orxan Nəbiyev – Trend:
Bu gün Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli platformasının gündəliyində iqtisadi, sosial, siyasi və hərbi xarakterli bütün məsələlər dayanır.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
O bildirib ki, Azərbaycan-Türkiyə-Gürcüstan platforması uzun müddətdir davam edir:
“Bizi uzun illərdir ki meqalayihələr, beynəlxalq boru kəmərləri və nəqliyyat dəhlizləri bir-birimizə bağlayır. Gələcək görüşdə regional xarakterli, o cümlədən logistika və ölkələrimizin gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq”.
Deputat əlavə edib ki, Ermənistanla müharibə başa çatdıqdan sonra Azərbaycan-Türkiyə-Gürcüstan üçbucağında əməkdaşlıq demək olar ki, dəyişməyib:
“Gürcüstan və Türkiyə əvvəlki kimi enerji ehtiyatları və yük daşımaları sahələrində Azərbaycanın strateji tərəfdaşlarıdır. Fikrimcə, bu üçtərəfli platformanın fəaliyyəti müharibəyə qədər inkişaf etdiyi şəkildə davam edəcək. Bu, həm parlamentlərin qarşılıqlı fəaliyyətini, həm iqtisadi islahatlar üzrə, həm də birgə hərbi təlimlər üzrə təmasları əhatə edir”.