ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi
və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci
Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir.
AzerTimes-ın xəbərinə görə, Milli Məclisin (MM) sədri Sahibə
Qafarova konqresdə deyib ki, 7-ci Beynəlxalq Sosial Elmlər
Konqresinin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir.
Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən
vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə
ötürülməsi olduqca vacibdir.
Onun sözlərinə görə, konqresin digər mühüm tərəfi isə qardaş
ölkələrimiz arasında münasibətlərin siyasi, tarixi, sosioloji və
mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi,
prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib
hazırlanmasıdır.
Konqresin ayrı-ayrı panelləri üzrə seçilmiş mövzular da əslində
bu niyyəti və əzmi nümayiş etdirir.
Spiker həmçinin vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan
azad olunması və ondan sonra baş verən proseslər göstərdi ki,
Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü,
təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca
amildir.
Bu birlik bütün ölkələrin, o cümlədən qardaş türk dövlətlərinin
maraqlarına cavab verir: “Azərbaycanın ərazi bütövlüyünün təmin
olunması türk dünyasının birlik və bərabərliyinin möhkəmlənməsi
üçün də yeni imkanlar yaradıb”, – deyə S.Qafarova bildirib.