Mayın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət
Başçıları Şurasının video-konfrans rejimində iclası olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki,
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak
edib.
İclasda gündəlikdəki məsələlərə dair fikir mübadiləsi aparılıb.
Əli Əsədov iclasda çıxış edərək əmin olduğunu bildirib ki, uzun
illər ərzində müxtəlif səviyyələrdə yaranmış sıx əlaqələr, habelə
birgə işin müsbət təcrübəsi bundan sonra da MDB çərçivəsində
səmərəli əməkdaşlığa şərait yaradacaq.
Baş nazir dünyada indiki epidemioloji vəziyyətin post-pandemiya
dövrünün tezliklə başlanacağını proqnozlaşdırmağa imkan verdiyini
qeyd edərək Azərbaycanda COVID-19-la bağlı vəziyyəti müsbət
qiymətləndirib. Pandemiyanın aradan qaldırılmasında vaksinasiya
prosesinin mühüm rolunu vurğulayan Əli Əsədov qeyd edib ki,
Azərbaycan 2021-ci ilin əvvəlindən vaksinasiyaya başlamış ilk
ölkələrdən biri olub. Bildirilib ki, ölkədə iqtisadi canlanmanın
aşkar əlamətləri müşahidə edilir, iqtisadiyyat bərpa olunmağa
başlayıb. Cari ilin birinci rübündə iqtisadi artım 6,8 faiz təşkil
edib.
Əli Əsədov Şura üzvlərinin diqqətini regionda münaqişədən
sonrakı vəziyyətə də cəlb edib. Baş nazir münaqişənin keçmişdə
qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və
proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib. Baş nazir
deyib: “Bizim siyasətimiz tamamilə açıq və aydındır. Biz Cənubi
Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna
çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün
açığıq”.
Sülh sazişi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü beş əsas
prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirən Baş nazir
deyib: “Bu beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir,
BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına müvafiqdir”.
Qeyd olunub ki, Azərbaycan maksimum konstruktivlik və xoş məram
nümayiş etdirərək Ermənistan ilə münasibətləri normallaşdırmağa,
sülh sazişi imzalamağa və sərhədlərin delimitasiyasına hazırdır.
Şura üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan sülh
müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyətinin, habelə
Ermənistan ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə
milli komissiyanın tərkibini artıq müəyyən edib.
Bununla bərabər, Əli Əsədov qeyd edib ki, Azərbaycan
Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin
Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin
tam həcmdə yerinə yetirilməsini gözləyir.
Bildirilib ki, 2020-ci il 9-10 noyabr tarixli Üçtərəfli
Bəyanatın erməni silahlı dəstələrinin Azərbaycan Respublikası
ərazisindən kənara çıxarılmasını nəzərdə tutan 4-cü bəndinin hələ
yerinə yetirilməmiş qalması Azərbaycan tərəfini narahat edir.
Həminin qeyd edilib ki, üçtərəfli işçi qrup çərçivəsində davam
edən görüşlərə baxmayaraq, Üçtərəfli Bəyanatın 9-cu bəndinə müvafiq
olaraq regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında
irəliləyiş müşahidə olunmur.
Əli Əsədov daha sonra əlavə edib ki, rəsmi Bakı hər iki məsələ
üzrə ən yaxın vaxtlarda ciddi irəliləyiş gözləyir və bu istiqamətdə
zəruri tədbirlərin görülməsini vacib hesab edir.
Vurğulanıb ki, nəqliyyat kommunikasiyalarının, çoxşaxəli
nəqliyyat arteriyaları şəbəkəsinin, o cümlədən Zəngəzur dəhlizinin
açılması regiondakı bütün xalqların mənafelərinə cavab verir.
MDB Hökumət Başçıları Şurasının üzvləri işğaldan azad edilmiş
torpaqların bərpası, o cümlədən avtomobil və dəmir yollarının
çəkilişi, beynəlxalq aeroportların tikintisi, bu ərazilərin
elektrik enerjisi ilə təmin edilməsi üzrə genişmiqyaslı işlər
barədə də məlumatlandırılıb.
Baş nazir Əli Əsədov iclas iştirakçılarını bir daha əmin edib
ki, Azərbaycan bundan sonra da regionda sülhün möhkəmlənməsinə və
tərəqqiyə töhfə verəcək.