Azərbaycan inkişaf edən və əlverişli bazara daxil olmaq istəyən startaplar üçün əsas məkana çevrilir.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə “Business Insider”də dərc olunan Azərbaycanda texnoloji bum barədə məqalədə qeyd edilib.
Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bazarda dəyişiklikləri təşviq etməyi öz üzərinə götürüb, bu, bütün dünyadan olan sahibkarlara və İT həvəskarlarına Azərbaycanın dinamik ekosisteminin imkanlarından yararlanmağa imkan verəcək: “Azərbaycan innovasiyaların təşviqi və bütün dünyadan istedadları cəlb etmək məqsədi daşıyan innovativ təşəbbüslər vasitəsilə startap mənzərəsini dəyişməyə hazırlaşır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən yeni tədbirlər iş icazələrinə ehtiyacı aradan qaldırır, texnoparklar üçün vergi güzəştləri tətbiq edir və köçürülməyə hərtərəfli yardım təklif edir”.
Vurğulanıb ki, bundan əlavə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vasitəsilə İT şirkətlərinin inkişafı üçün müxtəlif imkanlar təklif edilir.
Materialda qeyd olunub ki, bu strateji addım Azərbaycanı startapların bazara asanlıqla daxil olması üçün potensial olaraq əsas məkana çevirir.