Qırx ildən sonra azərbaycanlı mütəxəssislər yenidən Uzaq Şərqə
yollanırlar.
Azərbaycanın “Rail Trans Service” (RTS) tikinti şirkəti
“Bamstroymexanizasiya” müəssisəsi ilə müqavilə imzalayıb. Saziş
Baykal-Amur magistralının modernləşdirilməsi layihəsi çərçivəsində
imzalanıb.
Müqavilədə RTS mütəxəssislərinin ətraf mənzilləri ilə birlikdə
Uktur, Aksaka və Kenay stansiyalarında tikinti-quraşdırma işlərində
iştirakı nəzərdə tutulur.
“Son illər ərzində RTS, əməkdaşlıq çərçivəsində 1520 şirkətlər
qrupunun tərkibinə daxil olan «1520 Siqnal» şirkəti ilə birlikdə
Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafı üçün bir sıra
layihələr həyata keçirmişdir. Xüsusən də Bakı-Tbilisi-Qars
beynəlxalq nəqliyyat dəhlizində rəqəmsal idarəetmə sistemlərini
tətbiq etmişik”, – deyə “1520” şirkətinin baş direktorunun
beynəlxalq layihələr üzrə müavini Dmitri Bolotski bildirib.
O, toplanmış birgə təcrübə və biliklərin Rusiya dəmir yollarının da
nəqliyyat potensialının artırılması problemlərini həll etməyə imkan
verəcəyinə əminliyini ifadə edib.
RTS-in baş direktoru Vüsal İsmayılzadənin sözlərinə görə,
Azərbaycan şirkəti Baykal-Amur magistralının inkişafı və
modernləşdirilməsinə töhfə verəcək.
“Biz ölkəmiz üçün tarixi əhəmiyyətli və rəmzi məna daşıyan
layihəni davam etdiririk. Çünki 80-ci illərdə məhz BAM-ın tikintisi
layihəsində Azərbaycanın ümummilli lideri çox mühüm rol oynayıb”, –
RTS-in baş direktoru bildirib.
O xatırladıb ki, 2008-ci ildə Azərbaycanın ümummilli liderinin
adı layihənin həyata keçirilməsində xidmətlərinin xatirəsinə hörmət
əlaməti olaraq Anqoya stansiyasına verilib.
Baykal-Amur magistralının çəkilməsi zamanı Azərbaycan memarları,
layihə mütəxəssisləri və inşaatçıları diqqətəlayiq işlər
görüblər.
“40 ildən sonra “Rail Trans Service” şirkətinin inşaatçıları
rusiyalı həmkarları ilə əməkdaşlıq şəraitində dəmir yolunun
modernləşdirilməsi və inkişafına töhfə vermək üçün yenidən Uzaq
Şərqə yollanırlar”, – V. İsmayılzadə bildirib.
Qeyd edək ki, Azərbaycanın “Rail Trans Service” şirkəti dəmir
yolu tikintisi sahəsində layihələri icra edir. Əsas fəaliyyət
istiqamətləri – dəmir yolu infrastrukturu obyektlərinin
layihələndirilməsi, yenidənqurma və tikintisidir.