Azərbaycan-Rusiya iqtisadi münasibətləri ötən ilin sınağından keçib və çox yaxşı vəziyyətdə qalıb – Rusiya səfiri (MÜSAHİBƏ)

Xəbər - Zeyni Cəfərov – Trend:

Azərbaycan və Rusiya 2020-ci ili iqtisadi baxımdan göstəricilərin müəyyən qədər azalması ilə başa vurub ki, bu da koronavirus pandemiyasının yayıldığı ildə təbiidir. Bununla belə ikitərəfli iqtisadi münasibətlər bu sınaqdan keçid və hazırda çox yaxşı vəziyyətdədir.

Bunu AzerTimes-a Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Onun sözlərinə görə, ticarətdə azalma əhəmiyyətli olmayıb və eyni zamanda iqtisadi layihələr davam etdirilib:

“2021-ci ilin birinci yarısı ərzində demək olar ki, ticarət dövriyyəsi artmaqda olub. İlin sonunda hansı rəqəmlərin olacağını deyə bilmərəm, amma mənə elə gəlir ki, biz ən azı 2019-cu ilin səviyyəsinə – 3 milyard dollar göstəricisinə çatmalıyıq. Ümid edirəm ki, biz bu həddə bu il çata biləcəyik”.

Səfir bildirib ki, Azərbaycanla Rusiyanın iqtisadi gündəliyi çox böyükdür və bu, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasları ilə yönləndirilir. Konkret planlar qəbul olunur və bu il keçirilmiş iclasda aparıcı istiqamətlər təyin edilib:

“Biz hazırda bir sıra konkret layihələr haqqında danışa bilərik ki, onların reallaşdırılması bu il ərzində mümkündür. Birincisi, Hacıqabul sənaye məhəlləsində “QAZ” avtomobillərinin yığılması üzrə zavod fəaliyyətə başlayıb. İkincisi, ümid edirik ki, ilin sonunadək həmin sənaye məhəlləsində “Rostselxozmaş” konserninin istehsalı olan kombaynların yığılması başlanacaq. Həmçinin, Rusiya ümid edir ki, Azərbaycanla “KamAZ” yük avtomobillərinin son modelinin yığılması üzrə əməkdaşlıq davam etdiriləcək. Bunlardan başqa, Pirallahı sənaye zonasında helikopter servis mərkəzinin yaradılması layihə başa çatmaq üzrədir”.


M.Boçarnikovun sözlərinə görə, bilavasitə Azərbaycan-Rusiya əməkdaşlığına aid olan bir sıra layihələr mövcuddur və nəzərə almaq lazımdır ki, 2021-ci il İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə iqtisadi məsələlər üzrə üçtərəfli komissiya formatının işə düşdüyü ildir:

“Bu komissiyanın qarşıya qoyduğu əsas məqsədlər regionda nəqliyyat-logistika marşrutlarının bərpası və yaradılmasına kömək etməkdir. Əgər bu marşrutlar işə düşsə, bundan regionun bütün dövlətləri qazanacaq və bu, ölkələr arasında iqtisadi inkişafa xidmət edəcək”.

Səfir əlavə edib ki, Rusiya şirkətləri öz biliklərinin, kapital və investisiyalarının hazırda Azərbaycan dövlətinin məşğul olduğu Qarabağ ətrafındakı yeddi rayonun bərpasında tətbiq olunması imkanların yaranacağına ümid edir. Bu ərazilərin rekonstruksiyası və bərpası üzrə proqramlar tərtib olunur və şirkətlərlə təmsil olunan Rusiya bu prosesdə iştirak etməkdə maraqlıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: