Azərbaycan qlobal nəqliyyat və logistika qovşağında etibarlı körpü rolu oynayır – Mixail Xomiç (FOTO)

Fevralın 21-də “Azərbaycan Dəmir Yolları” QSC-də Udmurtiya
Respublikası rəhbərinin Rusiya Federasiyası Prezidenti yanında
Daimi Nümayəndəsi – Udmurtiya Hökumətinin sədr müavini Mixail
Xomiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AzerTimes-a verilən məlumata görə, qurumun
sədri Cavid Qurbanov ölkəmizin polad magistralında görülən işlərdən
danışıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şücaətli
Ordumuzun əldə etdiyi Böyük Zəfərdən sonra işğaldan azad olunan
ərazilərdə aparılan irimiqyaslı quruculuq-bərpa işləri barədə
qonaqlara məlumat verib. Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu
layihələrinin gedişatından söhbət açıb. Sədr son illərdə dəmir yolu
sahəsində, xüsusilə lokomotiv parkının yenilənməsi və
genişləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə
çatdırıb.

Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiç respublikasının
iqtisadi-ticari potensialı, ixrac və investisiya imkanları ilə
bağlı məlumatları bölüşüb. Azərbaycanın qlobal nəqliyyat və
logistika qovşağında etibarlı körpü rolu oynadığını vurğulayan
qonaq ölkəmizlə dəmir yolu sahəsində mövcud əməkdaşlığı
genişləndirməyə maraqlı olduqlarını qeyd edib.

Sonra nümayəndə heyətinin tərkibində təmsil olunan şirkətlərin
təqdimatı olub. Təqdimatlar dəmir yolu avadanlıqlarının, metal
konstruksiyaların, məmulatların və hissələrinin, təhlükəsizlik
sistemlərinin işlənib hazırlanması və istehsalı, obyekt tanıma
sistemləri, dəmir yolu keçidləri üçün avtomatika və digər sahələri
əhatə edib. Şirkət nümayəndələri dispetçerlik, nəqliyyat və real
vaxt rejimində çalışan yüksək yüklü idarəetmə sistemləri sahəsində
proqram təminatının hazırlanması, yük daşımaları sahəsində
avtomatlaşdırılma, informasiya texnologiyaları ilə bağlı
təkliflərini irəli sürüblər. Bildirilib ki, həmin şirkətlər “Rusiya
Dəmir Yolları” ASC, eləcə də bir sıra ölkələrin dəmir yolu
nəqliyyatı qurumları ilə uğurlu əməkdaşlıq əlaqələrinə
malikdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq
şirkətlərlə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb.

Teqlər: