Azərbaycan qışlayan quşların sayına görə Avropada ön sıralardadır (FOTO)

Vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaq, insanları
vəhşi təbiətin mühafizəsinə cəlb etmək məqsədilə hər il aprelin 1-i
Beynəlxalq Quşlar Günü kimi qeyd olunur. 1906-cı il aprelin 1-də
quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb.

Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən “İnsan və
Biosfer” adı ilə xüsusi proqram çərçivəsində keçirilir.

Trend xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması
Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, respublikamızda yaşayan 72 növ quş Azərbaycanın
“Qırmızı kitabı”na daxil edilib. Azərbaycan ornitofaunasının isə 30
növü “Dünya Qırmızı Kitabı”nda yer alıb.

“Bu il Azərbaycanda quşların sayğısı aparılıb. Müəyyən edilib
ki, ölkəmizdə qışlayan quşların sayı 800 mindən çoxdur. Reallıqda
isə bu rəqəm 1 milyonu ötür”.

Xidmət rəsmisinin sözlərinə görə, mütəxəssislər tərəfindən quşların
sayğısı aparılan zaman ölkədə bu il təkcə 110 min bəzgək quşu qeydə
alınıb. Qızılağac Milli Parkında 200 min, Abşeron Milli Parkında
isə 160 min quşun qışlaması müşahidə edilib. Əvvəllər Abşeron Milli
Parkında 30 mindən çox quş qışlayırdısa, bu il bu göstərici xeyli
artıb. Son 30 ildə birinci dəfədir ki, Abşeron Milli Parkında bu
qədər quşun qışlamasının şahidi olduq.

“Azərbaycan Avropada qışlayan quşların sayına görə 3-4-cü
yerləri tutur. Hollandiya və İngiltərədən sonra Azərbaycan Türkiyə
ilə növbəti pillələrdə qərarlaşıb. Bu da Kür-Araz ovalığı, Xəzərin
sahilində unikal yerlərin, çoxlu sututarlarının olması və bu
yerlərin sualtı bitkilərlə zənginliyi ilə əlaqədardır”.

Teqlər: