Gəncə. Trend:
Oktyabrın 3-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanda fəaliyyət göstərən, insan hüquqlarının müdafiəsi, habelə uşaq və qadın hüquqlarının qorunması istiqamətində fəal olan 100-ə yaxın QHT təmsilçisinin iştirakı ilə konfrans keçirilib.
Trend xəbər verir ki, konfransda Ermənistanın bir il öncə Azərbaycanın şəhər və rayonlarına qarşı törətdiyi hərbi cinayətlərlə bağlı Azərbaycan QHT-lərinin beynəlxalq ictimaiyyətə müraciəti qəbul olunub. Müraciətdə deyilir:
“2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlayıb və 44 gün ərzində Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad edib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilib. Ermənistan hakimiyyəti döyüş meydanındakı rüsvayçı məğlubiyyətinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçib, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib, mülki şəxsləri, o cümlədən qadın və uşaqları vəhşicəsinə qətlə yetirib, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurublar.
Belə ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdə rayonunda törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Bu sadalanan səbəblərdən, biz – Azərbaycan QHT-ləri dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin bir il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozdulduğunu bildiririk.
Biz bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq”.
Konfransda Gəncədə erməni terroru nəticəsində zərər çəkən ailələrin üzvləri də iştirak ediblər.