Azərbaycan, Qazaxıstan və Gürcüstan birgə müəssisə yaradacaq

Azərbaycan, Qazaxıstan və Gürcüstan Trans-Xəzər Beynəlxalq
Nəqliyyat Marşrutunun inkişafı məqsədilə birgə müəssisə
yaradacaq.

Trend-in
məlumatına görə, bu məsələ Qazaxıstanın Böhran əleyhinə tədbirlər
üzrə operativ qərargahının iclasında müzakirə olunub.

Qeyd olunub ki, Qazaxıstana məxsus və tranzit yüklərin
daşınmasının təmin olunması üçün martın 9-10-da Qazaxıstan Sənaye
və İnfrastruktur İnkişaf, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat,
Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirliklərinin
nümayəndələri arasında danışıqlar keçirilib.

Tərəflər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı
məqsədilə birgə müəssisənin yaradılması barədə razılığa gəlib. Bu
qurumun tarifyaranma, yüklərin bəyan olunması, tranzit yüklərlə
bağlı vahid IT həllərin tətbiqi barədə məsələləri həll etməsi
nəzərdə tutulur.

Ümumilikdə marşrut üzrə ildə 10 milyon tonadək yük, o cümlədən
200 min konteyner nəql etmək imkanları mövcuddur.

(Tərcümə: Orxan Nəbiyev)