Azərbaycan Qafqazda sabitliyin və təhlükəsizliyin tərəfdarıdır – Azərbaycanın Çex Respublikasındakı səfiri

Düz 103 il bundan öncə, 1918-ci ilin 28 may günündə Azərbaycan xalqı Çar Rusiyasının dağılmasından qısa bir müddət sonra Qafqazda yaranmış geosiyasi böhrandan istifadə edərək, müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) yaranmasını elan etdi. O dövrdə Paris Sülh Konfransına təqdim edilmiş rəsmi məlumatlara görə təxminən 4,5 milyon əhalisi və 114 min km.kv ərazisi ilə AXC bütün müsəlman Şərqində yaradılmış ilk parlamentli respublika idi. Qısa bir müddətdə ölkədə hüquqi dövlətin və demokratik cəmiyyətin qurulması istiqamətində islahatlara başlanmış, çoxpartiyalı sistemin və azad mətbuatın fəaliyyətinə geniş imkanlar yaradılmışdır. Bu gün Avropanın yüksək demokratik dəyərlərin hakim olduğu əksər dövlətlərinin o dövrdə qadınlara parlament seçimlərində seçmək hüququ vermədiyi halda, AXC qadınlara bu hüququ vermişdi. Bundan başqa, dövlət vətəndaşlarına qarşı milli və dini ayrıseçkilik etməmiş, Azərbaycan cəmiyyəti çoxmillətli və fərqli dinlərin mövcud olduğu tolerant bir cəmiyyət olmuş və bu milli və dini rəngarənglik parlamentin tərkibində də özünü göstərmişdir.

Bu barədə AzerTimes-a Azərbaycanın Çex Respublikasındakı səfiri Dr. Adış Məmmədov danışıb.

Səfir deyib: “Müstəqilliyini elan etməklə de-fakto tanınan Azərbaycan qısa bir müddətdə başqa dövlətlərlə diplomatik əlaqələr qurmuş, siyasi və iqtisadi əməkdaşlığı genişləndirmişdir. Belə ki, I Dünya müharibəsindən sonra dağılmış imperiyaların ərazilərini siyasi olaraq yenidən “formalaşdıracaq” Paris Sülh Konfransında iştirak edən Azərbaycanın geniş tərkibli nümayəndə heyəti ölkənin beynəlxalq münasibətlər sistemindəki yerinin təmin edilməsi üçün uzunmüddətli müzakirələr aparmış, bununla yanaşı, USA, United Kingdom, France, İtaly, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın da daxil olduğu 16 ölkənin diplomatik nümayəndəlikləri Bakıda, AXC-nin isə Turkiyə, İran, Gurcustan, Ukrayna, Ermənistan kimi ölkələrdə diplomatik nümayəndəlikləri fəaliyyət göstərmişdir.

Dövlətçilik yolunda kövrək addımlarını atan AXC ayaq üstə dayanaraq, öz varlığını qorumaq üçün bir tərəfdən “neft və milyonlar səltənəti” olan Bakını işğal etmək istəyən böyük güclərə qarşı dirəniş göstərmiş, digər tərəfdən isə silahlı qüvvələri tam formalaşmasa da, daxili təhlükəsizliyi təmin etmək üçün bu böyük güclərdən dəstək alan və ölkə daxilində qətliamlar törədən bolşeviklərin və millətçi-daşnak ermənilərin silahlı quldur dəstələrini zərərsizləşdirməyə çalışmışdır. Məhz bu silahlı dəstələr 1918-ci ilin 31 Mart-1 Aprel tarixlərində Bakıda 10 mindən artıq azərbaycanlını qətlə yetirmiş, qətliamlar Bakı ilə kifayətlənməmiş, ölkənin hər tərəfinə yayılmışdı. Bu gün Azərbaycanın Quba şəhərindəki yəhudi məzarlıq Kompleksi həmin silahlı quldur dəstələrinin yəhudi əsilli Azərbaycan vətəndaşlarına qarşı törətdiyi kütləvi qətliamın bariz nümunəsidir.

AXC bütün bu xarici və daxili basqılara tab gətirə bilmədi və yaranışından 23 ay sonra, 1920-ci ilin 27 aprel günündə Azərbaycan Qızıl Ordu tərəfindən tamamilə işğal olundu. Xalq Cumhuriyyəti süqut etdi, lakin Azərbaycan xalqının dövlətçilik ideyaları bitmədi, ruhundakı azadlıq işığı sönmədi. SSRİ-nin tərkibində dövləti oldu, xalq öz dilini, mədəniyyətini qoruyub saxlaya bildi. Lakin ağır zərbələrdən yenə qaça bilmədi – “Sovet Kremli” Azərbaycan torpaqlarını qayçıladı, kiçik saylı xalqların torpaqlarını genişlədərək, azərbaycanlıların tarixi torpaqlarında qeyri-azərbaycanlıların dövlətlərini yaşatdı. Azərbaycanın ərazisi təxminən 25% azaldılaraq 86,6 min km.kv-a endirildi.

Azərbaycan xalqı daim haqqın, ədalətin yanında yer aldı, şər qüvvələrə qarşı mübarizə apardı. 1940-cı illərdə Avropanın üzərini faşizm kabusu bürüyəndə bütün Sovet xalqı kimi Azərbaycan xalqı da faşizmə qarşı mübarizəyə qalxdı. Azərbaycanın 650 mindən artıq oğul və qızları cəbhəyə yollandı, onların yarısı bu müqəddəs mübarizədə həlak oldu. Minlərlə azərbaycanlı Çexoslovakiyanı alman faşistlərinin işğalından azad etmək üçün bu torpaqlarda da vuruşdu, 100-lərlə canını qurban verən azərbaycanlı qəhrəman bu gün bu torpaqlarda uyuyur. Azərbaycan xalqının övladları təkcə ön cəbhədə vuruşmadı, arxa cəbhədə də gecə-gündüz yorulmadan çalışaraq ön cəbhəni yanacaqla, silah-sursatla təmin etdi. Müharibə vaxtı cəbhənin neft məhsulları ilə təminatının 70%-ni Bakı verirdi və heç kimdə şübhə yoxdur ki, Azərbaycan xalqının fədakarlığı və Azərbaycanın neft sənayesi olmasaydı müharibənin taleyi başqa cür ola bilərdi.

1991-ci ildə SSRİ-nin dağılması Azərbaycan xalqının qarşısında yeni imkanlar açdı, yenidən müstəqilliyinə qovuşan xalq Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi Azərbaycan Respublikasını dünyaya bəyan etdi. Çox təəssüf ki, müstəqillik sevinci bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da xaosla müşayiət olundu – Azərbaycanı müstəqil görmək istəməyən xarici güclərin basqısı, daxili siyasətdəki hərc-mərclik və ən başlıcası, 80-ci illərin sonunda yaranmış və xarici güclərdən dəstək alaraq gün-gündən radikallaşan erməni separatizmi. Azərbaycan dövləti və xalqı daxili stabilliyi bərpa edərək dünya birliyi ilə əlaqələrini genişləndirdi, transmilli korporasiyaların Azərbaycanın zəngin neft və qaz yataqlarında iştirakını və karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxışını təmin etməklə dövlətin təhlükəsizliyinə və iqtisadi inkişafına qarant almış oldu. Lakin erməni separatizmi ilə başlayan və Ermənistan Respublikasının Azərbaycan Respublikasının torpaqlarının 20%-nin işğalı ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın (təkcə Azərbaycanınmı?) başının üstündə Domokl qılıncı kimi asıldı.

Azərbaycan Respublikası BMT-nin bərabərhüquqlu üzvü və Avropanın siyasi institutlarının işində fəal iştirak edən bir dövlət kimi xarici siyasətini BMT Nizamnaməsinin müddəalarına və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirir. Belə ki, dünyanın bütün dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan iqtisadi və siyasi əlaqələrin qurulması, başqa dövlətlərin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenlik hüququna hörmətlə yanaşılması Azərbaycan Respublikasının xarici siyasətinin əsasını təşkil edir. Azərbaycanın dövlət rəsmləri bütün beynəlxalq tribunalarda, siyasi institutlarda çıxış edərək, beynəlxalq münasibətlərdə hüququn aliliyinin təmin olunmasının vacibliyini bildirir, baş verən bu və ya digər münaqişəyə münasibətdə ikili standartlara yol verməməyə çağırır, qəbul edilən beynəlxalq sənədlərin əsasında beynəlxalq münasibətlər sistemini inhisara almış böyük güclərin subyektiv maraqları deyil, beynəlxalq hüququn dayanmalı olduğunu vurğulayırdılar. Bu siyasi mövqe ilə düz 30 il idi ki, Ermənistanın təcavüzünə məruz qalan Azərbaycan dünyadan ədalət gözləyirdi.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqı dəhşətli faciələrlə üzləşdi. 1992-ci ilin 25 fevral gecəsi erməni hərbi birləşmələri azərbaycanlıların yaşadığı Xocalı şəhərini darmadağın etdilər, bir gecənin içində 613 mülki şəxsi qətlə yetirərək “Qafqazın Srebrenisası” adlanan Xocalı qətliamını həyata keçirtdilər. Ermənilər tərəfindən işğal olunmuş ərazilərdən 750 mindən artıq azərbaycanlı öz doğma yurd-yuvasından qovularaq qaçqın-köçkün hala salındı, onların mədəni irsi ermənilər tərəfindən yer üzündən silindi. Bu insanlar qışın şaxtasında, yayın nəfəs kəsən istisində qaçqın düşərgələrində insanlıq dramı yaşadı. Bütün bu hərbi cinayətlər Yaxın Şərqdə deyil, Afrikada deyil, Avropanın “yaxın qonşuluğ”unda, “Şərq Tərəfdaşlığı” regionunda baş verirdi, bu cinayətləri törədən hansısa “super güc” deyildi, Avropanın siyasi institutlarının üzvü olan kiçik bir ölkə – Ermənistan idi. Dünya isə bu faciəyə və təcavüzə susdu. Düzdür, BMT, müxtəlif beynəlxalq və regional təşkilatlar tərəfindən Ermənistanı təcavüzkar kimi tanıyan, Azərbaycan torpaqlarının işğalına son qoymağa çağıran çoxsaylı qətnamələr, bəyanatlar qəbul olundu, lakin heç bir əməli tədbirlər həyata keçirilmədi. ATƏT-in Minsk qrupu isə regiona çoxsaylı turistik səfərləri ilə yadda qaldı.

Ötən il arxasında güclü dövləti və xalqı dayanan, NATO-nun standartlarına uyğun formalaşdırılan Azərbaycan Ordusu beynəlxalq hüquqa və BMT TŞ qətnamələrinə əsaslanaraq, apardığı 44 günlük müharibə ilə Ermənistanın işğalına son qoydu və ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu təkcə Azərbaycanın qələbəsi deyildi, bu hüququn və ədalətin qələbəsi idi. Çox təəssüf ki, Avropanın bəzi siyasi institutları Azərbaycanın beynəlxalq hüquqa əsaslanan fəaliyyətinə kölgə salmağa çalışırlar. Ancaq xatırlatmaq yerinə düşərdi ki, bu siyasi institutların vəzifəsi hərbi təcavüzə göz yummaq və terroristləri qorumaq deyil, beynəlxalq münasibətlərdə hüququn aliliyini və ədaləti təmin etməkdir. Dövlətçilik tarixi təcavüz və qətliamlarla dolu olan, öz xalqının xoşbəxtliyini başqa xalqların faciəsi üzərində quran, dünyanın hüquqla deyil “cəngəllik qanunlari” ilə idarə edilməsində iddialı olan bəzi dövlətlərin rəsmilərinin beynəlxalq hüququn aliliyinə hörmətlə yanaşan Azərbaycana “demokratiya” dərsi keçməsi isə doğrudan da, sözün bitdiyi yerdir.

Azərbaycan Qafqazda sabitliyin və təhlükəsizliyin tərəfdarıdır. Sabitlik olmasa Qafqaz dövlətlərinin modern dünyanın iqtisadi sisteminə inteqrasiyası mümkün deyildir. Azərbaycan Respublikası isə bu günə qədər ardıcıl olaraq apardığı siyasətlə bu inteqrasiyada maraqlı olduğunu göstərir. 1994-cü ildə BP şirkətinin başçılığı ilə dünyanın neft nəhənglərinin Azərbaycanın neft sənayesinə 10 milyardlarla dollar sərmayə qoymasını nəzərdə tutan “Əsrin Müqaviləsi”nin imzalanması, 2005-ci ildə Azərbaycan neftini dünya bazarına daşıyan və illik potensialı 50 milyon tondan artıq olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi, Qədim İpək Yolu boyunca Uzaq Şərqlə Avropa arasında yük daşımalarının sürətləndirilməsi məqsədi ilə Azərbaycanın dəmiryolları sistemini Türkiyənin dəmiryolları sisteminə (sonra isə Avropa) bağlayan, yükdaşıma potensialı ildə 17 milyon ton olan Bakı-Tbilisi-Qars dəmiryolunun 2017-ci ildə istismara verilməsi, Cənub Qaz Dəhlizi layihəsinə daxil olan və Avropaya ildə təxminən 20 milyard kub.m Azərbaycan qazını nəql edəcək TANAP (Azərbaycan-Türkiyə) və TAP (Türkiyə-Yunanıstan-İtaliya) boru kəmərlərinin istifadəyə verilməsi təkcə Azərbaycanın və region ölkələrinin iqtisadi inkişafına təsir etməyəcək, bu transmilli iqtisadi layihələr Avropa, bütövlükdə isə dünya iqtisadiyyatına öz müsbət təsirini göstərəcəkdir.

Ermənistan isə özünün aqressiv və təcavüzkar siyasəti ilə özünə qapanaraq bütün bu böyük iqtisadi layihələrdən kənarda qaldı. Tarixdə mövcudluğu və ya erməni olması şübhəli olan “Böyük Tiqran”ın üç dəniz arasındakı torpaqlarda 2500 il bundan öncə yaratdığı utopik “Böyük Ermənistan” dövlətini XXI əsrdə bərpa etmək istəyən erməni millətçiləri doğrudan da, qədim dünyanın qaranlıq döngələrində ilişib qalıblar, onlar modern dünyanın hansı qanunlar və qaydalarla idarə olunduğunu anlamaq istəmirlər. Ermənistan rəsmilərinin bu yanlış siyasətindən isə sadə erməni xalqı əziyyət çəkir. O xalq ki, başqasının torpaqlarının qeyri-qanuni işğalına görə minlərlə övladını qurban verməyə məcbur edilir. Ermənistanın dövlət siyasətinə çevrilmiş türk düşmənçiliyi siyasəti nəticəsində sərhədlər açılmır, ölkə iqtisadiyyatı ildən-ilə tənəzzülə uğrayır, bu xalqın övladları isə iş və dolanışıq dalınca öz vətənini kütləvi şəkildə tərk edərək başqa ölkələrə, o cümlədən özlərinin düşməni bildikləri Türkiyəyə üz tuturlar. İnsanları öz siyasi oyunlarının girovuna çevirən siyasətbazlardan fərqli olaraq, adi ermənini min-bir çətinliklə böyütdüyü övladlarının taleyi maraqlandırır, ailəsinin gündəlik qayğıları maraqlandırır. Adi insanlar, dünyanın hər yerində olduğu kimi, Ermənistanda da təhlükəsiz və sevdiklərinin əhatəsində sadə bir həyat arzulayırlar.

Azərbaycan Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Əgər Ermənistan da eyni mövqedə olarsa, qonşularına münasibətdə qərəzli və əsassız iddialarından əl çəkərsə, dövlətlər arasında siyasi əlaqələr qurular, indiyə qədər bağlı olan sərhədlər açılaraq iqtisadi-ticari əlaqələr genişlənərdi. Heç şübhəsiz, bütün bunlar erməni xalqının həyat səviyyəsinin yüksəlməsini və Ermənistanın iqtisadi inkişafını təmin edəcəkdir. Azərbaycan üçün artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur, yeni dövrdə qarşılıqlı hörmət və əməkdaşlıq münasibətləri üçün yeni səhifə açmaq istəyir. Bu gün Avropanın bəzi siyasi dairələri və populist çıxışları ilə siyasi divident əldə etmək istəyən siyasətçilərinin də öz qərəzli mövqelərini bir kənara qoyub, vəziyyəti yenidən gərginləşdirmək əvəzinə, Ermənistanla Azərbaycan arasında beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq münasibətlərinin bərpasına, bu iki xalq arasında inam və etimadın yaradılmasına cəhd göstərmələri daha məntiqli olardı.

Azərbaycan xalqı erməni xalqının düşməni deyildir. Tarixən bu xalqlar arasında xoş münasibətlər, ailə bağlılıqları olub. Ölkələr arasında müharibə vəziyyətinin davam etdiyi ötən bu illərdə Ermənistanda bir dənə də olsun azərbaycanlının yaşamadığı halda (1980-ci illərin sonunda ermənilər 250 min azərbaycanlını ölkədən zor gücünə qovub çıxarmışlar) Azərbaycanın böyük şəhərlərində 30 mindən artıq etnik erməni vətəndaşı yaşayırdı və bu gün də yaşayırlar. Bu Azərbaycan cəmiyyətinin nə qədər tolerant bir cəmiyyət olduğunu göstərir. Bu xoş münasibət təkcə ermənilərə göstərilmir, Azərbaycan cəmiyyəti müxtəlif etnik qrupların və dini icma nümayəndələrinin yanaşı və mehriban yaşadığı multikultural bir cəmiyyətdir. Bəzən Azərbaycanı neft və qazla zəngin bir ölkə kimi xarakterizə edirlər, lakin düşünürəm ki, bizim zənginliyimiz multikultural və tolerant bir xalqa sahib olmağımızdadır. İnanıram ki, çox yaxın zamanlarda Azərbaycanın bütün etnik erməni vətəndaşları da bu tolerant cəmiyyətin bir parçasına çevriləcəkdir.”

Teqlər: