Azərbaycan Prezidenti: Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq

Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə deyib

Dövlət başçısı bildirib:

“İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik. İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar. Halbuki müharibənin ilk günlərindən mən deyirdim ki, Ermənistan rəhbərliyi bizə tarix verməlidir nə vaxt bizim torpaqlarımızdan çıxır və biz müharibəni dayandırmağa hazırıq. Belə də oldu. Noyabrın 9-da Ermənistan artıq kapitulyasiya aktını imzalamağa hazır olmuşdur. Ağdam, Kəlbəcər, Laçın rayonlarının bizə qaytarılması tarixi müəyyən olunmuşdur. Noyabrın 10-na keçən gecə isə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə dayandı. Müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi. Çünki müharibə davam etsəydi, birincisi biz daha çox itkilər verəcəkdik. Müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq. Bir neçə gün bundan əvvəl dediyim kimi, ermənilərin bütün miflərini darmadağın etdik. Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər. Nəticədə yenə də mənim sözlərimə əməl etməli oldular. Mən deyirdim ki, bizim torpağımızdan rədd olmalısınız. Rədd oldular. Nəticədə mən deyən oldu, amma vaxt itirdilər. Bu gün Ermənistan nə gündədir, hər kəs bunu görür. Əlbəttə, acı məğlubiyyətin şokunu onlar hələ uzun illər yaşayacaqlar. Biz isə bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq. Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq”.

Teqlər: