Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu
ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim
Raza ilə görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, görüşdən əvvəl rəsmi qarşılanma mərasimi
keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra
müdafiə naziri general-polkovnik Z.Həsənov fəxri qarovulun önündən
keçib.

General N.Raza qonaqları salamlayaraq onları ölkələrində
görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Pakistan arasında
dostluq münasibətlərinin xeyli inkişaf etdiyini və yeni mərhələyə
qədəm qoyduğunu bildirib.

Dəvətə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov
xalqlarımız arasında tarixən dostluq əlaqələrinin olduğunu, bu
münasibətlərin digər sahələrdə olduğu kimi ikitərəfli hərbi
əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini qeyd edib.

Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin
genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və əməkdaşlığın
daha da inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki,
hərbi təhsil, terrorla mübarizə və təhlükəsizliklə bağlı digər
məsələləri müzakirə ediblər.

Teqlər: