“Otuz ilə yaxın müddət ərzində davam edən işğal dövrü ərzində
erməni qəsbkarları Azərbaycan torpaqlarında görünməmiş miqyasda
talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata
keçiriblər. Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin
Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin
dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan
şəkildə istifadəsinə yönəldilmiş siyasəti azərbaycanlıların bu
ərazilərdə tarixi izlərini tamamilə silməyə yönəlmişdi. Azərbaycan
hər zaman Ermənistanın törətdiyi bu cinayətlər haqqında müvafiq
beynəlxalq təşkilatları məlumatlandırıb və proses bu gün də davam
edir. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə həyata
keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin bütün beynəlxalq
platformalarda etdiyi çıxışlarında, xarici KİV-lərə müsahibələrində
bu məsələlər barədə ətraflı məlumatlar verilir, inkarolunmaz
dəlillər təqdim olunur. Dövlət başçımız mayın 4-də Prezidentin
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda
xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı etdiyi çıxışında da
bu məsələyə toxunmuş, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin
ermənilər tərəfindən ölçüyəgəlməz dağıntılara məruz qoyulduğunu bir
daha vurğulamışdır. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilmiş,
rayonun tarixi-dini abidələri vəhşicəsinə dağıdılmış, təbii
sərvətləri amansızcasına talanaraq bölgənin təbiətinə qarşı əsl
ekosid həyata keçirilmişdir.”
Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, hazırda keçmiş məcburi köçkünlərin
azad edilmiş torpaqlara tezliklə qayıtması dövlətimiz tərəfindən
əsas prioritetlərdən biri kimi nüəyyən edilib: “Bu gün Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq
işlərinin miqyası və əhatəliliyi hər kəsi heyrətləndirir. Yenidən
qurulan yaşayış məntəqələrində birbaşa Prezident İlham Əliyevin
tapşırığı əsasında, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə
üstünlük verilir. Zəngilan rayonunda Ağalı kəndinin bərpası, Ağdam
şəhərinin yenidən qurulması layihələrində belə müasir trendlərdən
istifadə edilir. Bütün bu işlərdə qarşıya qoyulan əsas məqsədlərdən
biri də keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara, öz
tarixi yurdlarına tezliklə qayıtmasını təmin etməkdir. Zəngilan
birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya
qayıdacaqlar. Məhz elə buna görə də birinci pilot layihə Zəngilanın
Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən
qurulur. Burada müasir, böyük və rahat kənd salınır. Təhlükəsizlik,
rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf kimi həyat üçün vacib
olan amillər bu layihənin əsasında duran başlıca prinsiplərdir.
Hazırda Zəngilanda böyük infrastruktur layihələri həyata keçirilir.
Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat
infrastrukturudur. Bu il həmçinin Zəngilan Beynəlxalq Hava Limanı
istismara veriləcəkdir ki, bu hava limanının çox böyük funksiyaları
olacaq. Bütün bunlar o məqsədə xidmət edir ki, yaxın gələcəkdə
Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilsin.
Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər
amillər bunun üçün geniş imkanlar yaradır”.
Milli Məclisin deputatı bu məqamı da vurğulayıb ki, işğaldan
azad edilmiş ərazilərdə məskunlaşacaq insanların məşğulluğunun və
bölgələrin iqtisadi inkişafının təmin olunması məqsədilə həmin
ərazilərdə yeni müəssisələrin yaradılması məsələsi də hazırda
dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır: “Zəngilan
rayonunda əsas məşğulluğun və iqtisadiyyatın əsas hissələrindən
biri də kənd təsərrüfatıdır. Öz çıxışında dövlət başçısı qeyd etdi
ki, Ağalı kəndində bu il yeni müəssisələrin yaradılması nəzərdə
tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq
orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır. Ümumiyyətlə, azad
edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün
geniş imkanlar mövcuddur və dövlətimizin bu imkanları
reallaşdırmaqla bağlı çox böyük planları var. Məlimdir ki, bu gün
bütün dünyada ərzaq təhlükəsizliyi məsələsi ön plandadır. Əlbəttə
Azərbaycanda son illərdə bu istiqamətdə bir çox işlər görülüb.
Ancaq, dövlət başçısının da qeyd etdiyi kimi, hələ Azərbaycan özünü
100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir.
Lakin görüləcək əlavə tədbirlər nəticəsində ən yaxın vaxtlarda
idxaldan asılılıq xeyli dərəcədə azalacaq. Azad edilmiş ərazilərin
təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla da
genişmiqyaslı məşğul olmaq olar. Zəngilanda kənd təsərrüfatının
inkişafı ilə bağlı çox böyük imkanlar var.
Prezident İlham Əliyev öz çıxışında məhz bu məqamı da
vurğulayaraq bildirdi ki, rayonun kənd təsərrüfatı potensialının
maksimum dərəcədə realizə etmək üçün müvafiq qurumlar
tərəfindən tövsiyələr verilməlidir. Bu gün Azərbaycanın kənd
təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları tətbiq etmək
imkanları var və dövlətimiz öz vətəndaşlarının rifahı naminə bu
imkanları tam olaraq reallaşdırmaq əzmindədir”.