Müdafiə nazirinin Azərbaycan Ordusunda idman yarışlarının
keçirilməsi barədə əmrinə əsasən, Quru Qoşunlarının 2022-ci il
hazırlıq planına uyğun olaraq daşqaldırma birinciliyi
keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və
ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib.
71 nəfər hərbi qulluqçunun iştirak etdiyi yarışlarda birdən və
təkanla qaldırma üzrə 6 çəki dərəcəsində mübarizə aparılıb.
Finala çıxan əsgər Samir Muradov (60 kq), kiçik çavuş Şamo
Ələsgərov (65 kq), çavuş Nurlan Salamzadə (70 kq), baş çavuş
Abdulla Abdullayev (80 kq), əsgər Niyal Əzimov (90 kq) və gizir
Sahib Nəsibov (90 kq-dan artıq) şəxsi hesabda birinci yerə layiq
görülüblər.
Daşqaldırma birinciliyində iştirak edən 15 heyətdən “Beyləqan”,
“Kəlbəcər” və “Bərdə” komandaları ümumi nəticələrə görə müvafiq
olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Yarışların sonunda qaliblərə fəxri fərman, diplom və kuboklar
təqdim edilib.