Azərbaycan Ordusu sübut etdi ki, dünyanın ən güclü ordularındandır

Yaranmasının 103-cü ildönümündə Azərbaycan Silahlı Qüvvələrinin hər bir nümayəndəsi bu günü qalib, müzəffər, şanlı ordunun əsgər və zabitləri kimi qeyd edir. Şübhəsiz ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış şanlı qələbə Azərbaycanın tarixinin ən şanlı səhifələrindən biridir. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Dövlətçilk tariximizdə öz ərazi bütövlüyünü təmin etmiş müzəffər ordumuz başımızı uca edərək bizi qalib xalqa çevirdi. Azərbaycanın Silahlı Qüvvələri indiki qədər heç vaxt güclü olmayıb. Təbii ki, bunun əsasında dövlətimizin orduya olan xüsusi diqqəti və qayğısı dayanır.

Azərbaycan Ordusu sübut etdi ki, dünyanın ən güclü ordularındandır. Təsadüfi deyil ki, Vətən müharibəsində tətbiq olunan hərbi strategiya və taktikalar dünyanın ən güclü ordularına malik dövlətlər tərəfindən də maraqla qarşılanıb və Ordumuzun 44 günlük müharibə təcrübəsi hərbi mərkəzlər, hətta NATO səviyyəsində öyrənilir..

Bu fikirləri AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə bağlıdır. Beləki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bilib. Təəssüf ki, AXC-nin süqut etməsi nəticəsində ordu quruculuğu sahəsində görülən işlər də yarımçıq qalıb. Yalnız, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Əlbəttə, SSRİ hakimiyyəti belə mühüm bir məsələ qarşısında laqeyd qala bilməzdi. Moskvadan Bakıya belə bir məktəbin açılmasına ehtiyac olmadığını əsaslandırmağa çalışan komissiyalar göndərilməsinə baxmayaraq, Ulu Öndr Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bütün bu cəhdlərin qarşsını ala bildi. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

Heç təsadüfi deyil ki, müstəqillik illərində də ordu quculuğu sahəsində həyata keçirilmiş işlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.

T.Cəfərova qeyd edib ki, ordu quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən qətiyyətli və uzaqgörən siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beləki, Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir. Bu sayədə Azərbaycanın Müzəffər Ordusu dövlət və xalqla sarsılmaz birlik nümayiş etdirərək “dəmir yumruq” olub düşməni məhv etdi.


Millət vəkili bildirib ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralardadır. Düşmən üzərində qazanılmış möhtəşəm qələbənin qeyd olunduğu Paradda nümayiş olunan ən müasir silahlar və düşmənə vurulan maddi-texniki ziyan ordumuzun gücünün, qüdrətinin növbəti təzahürü idi. Əlbəttə ki, Ordunun gücünün mənbəyində xalqla həmrəy olmaqla bərabər, dövlətin diqqət və qayğısı dayanır. Ötən 17 ildə hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilib. Burada cənab Prezident İlham Əliyevin ötən gün imzaladığı məlum sərancamları xüsusi qeyd etməliyik. Bildiyimiz kimi, Vətən müharibəsində qazanılmış qələbənin əbədiləşdirilməsi münasibətilə müxtəlif adlarda orden və medallar təsis olunub. Həmin medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Tamam Cəfərova vurğulayıb ki, bu möhtəşəm Qələbə Xalq-Ordu birliyi sayəsində qazanılmışdır. Dəmir Yumruq birliyimizin rəmzidir. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.

Sonda millət vəkili bildirib ki, Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, bu qüruru bizlərə yaşadan şəhidlərimizi rəhmət və ehtiramla yad edir, qazilərimizə sağlam və firavan ömür arzulayıram.

Teqlər: