Azərbaycan növbəti dəfə Türkiyənin “Gələcəyə nəfəs ol” adlı ağacəkmə aksiyasına qoşulub (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan növbəti dəfə Türkiyənin genişmiqyaslı “Gələcəyə nəfəs ol” adlı ağacəkmə aksiyasına qoşulub.

AzerTimes xəbər verir ki, aksiya çərçivəsində bu gün Xocasəndə minlərlə ağac əkilib.

Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayqın bildirib ki, Türkiyədə olduğu kimi Azərbaycanda da yaşıllaşdırmaya böyük önəm verirlər.

“2019-cu ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 11 noyabr Milli Yaşıllaşdırma Günü elan edilib. Biz bu günü azərbaycanlı qardaşlarımızla birgə də qeyd etmək istədik. Bildiyiniz kimi, qlobal iqlim dəyişikliyi kimi problemimiz var. Meşə sahələri azalır, yaşıllıqlar erroziyaya məruz qalır. Bu baxımdan, yaşıllıqların artırılması böyük əhəmiyyət daşıyır. Burada olmaqdan məmnunuq. Azərbaycanın hər tərəfini yamyaşıl etmək istəyirik”, – deyə o bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova isə deyib ki, qardaş Türkiyənin “Gələcəyə nəfəs ol!” ağacəkmə təşəbbüsü artıq genişmiqyaslı kampaniyaya və bir tarixə çevrilib, ölkəmizdə də bu təşəbbüs ənənə halını alıb.

“Türkiyədə 11-ci ayın 11-ci günündə keçirilən “Gələcəyə nəfəs ol!” adlı ağacəkmə təşəbbüsünə Azərbaycan ənənəvi olaraq qoşulur, keçən ilin bu günündə də Azərbaycan böyük coşqu ilə bu kampaniyaya qoşuldu və on minlərlə ağac əkildi. Bu il də biz böyük məmnuniyyət və xoş əhval-ruhiyyə ilə dost və qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək bütün ölkə ərazisində, eyni zamanda, Qarabağ bölgəsində, Zəngilan və Cəbrayılda genişmiqyaslı ağacəkmə aksiyaları keçiririk və əkəcəyimiz 111 min ağacla bu aksiyaya simvolik töhfəmizi veririk. İnanıram ki, böyük ruh yüksəkliyi və əhval-ruhiyyə ilə əkilən bu ağaclar gələcəkdə böyük yaşıllığa çevriləcək”.

Nazirlik sözçüsü qardaş ölkənin bu təşəbbüsünü dəstəkləyərək ağac əkininə qoşulan bütün tərəfdaşlara dərin təşəkkürünü bildirib.

Teqlər: