“Azərbaycan multikulturalizmin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı keçirilib

Martın 10-da Azərbaycan Dillər Universitetində “Azərbaycan
multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik
qaynaqları” kitabının təqdimatı keçirilib.

ADU-nun Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə
tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb, çap olunan kitab
haqqında qonaqlara qısa məlumat verib.
ADU-nun rektoru, akademik, kitabın ideya müəllifi və elmi redaktoru
Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, onları
universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki,
“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və
ictimai-publisistik qaynaqları” kitabı öz əhəmiyyəti və aktuallığı
ilə seçilir. Kitabda müasir dünyanın multikultural dəyərləri,
Azərbaycanın mədəni müxtəlifliyi “Azərbaycançılıq” ideologiyasının
formalaşması, xalqların mədəniyyət, dil, inanc, ədəbi-bədii və
fəlsəfi düşüncələrində öz əksini tapır: “Təqdim olunan kitab həm
Azərbaycan, həm də dünyada “Azərbaycan multikulturalizminin
elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” mövzusunda ərsəyə
gəlmiş ilk kitabdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
tərəfindən çap olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabından sonra “Azərbaycan multikulturalizminin
elmi-fəlsəfi və ictimai-publisistik” qaynaqları kitabının nəşri
mədəniyyətimizin və təfəkkür tərzimizin multikulturalizm
aspektindən bir-birini izləməsinə şərait yaradır.”

Azərbaycan multikulturalizm modelinin əhəmiyyətindən danışan
rektor bir sıra mövzular ətrafında dərin elmi-fəlsəfi
araşdırmaların aparıldığını söyləyib: “Biz qalib xalq kimi, həm də
qalib ölkənin necə bir mədəniyyətə sahib olduğunu bütün dünyaya
göstərməliyik. Bu bizim bütün sahələrdə gördüyümüz işlərdə öz
əksini tapmalıdır. Prezident İlham Əliyevin söylədiyi kimi,
multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir.
Dövlət siyasətimizin bir istiqaməti olan bu hərəkatı, prosesi bütün
dünyaya çatdırmalıyıq. Hamı bilməlidir ki, Azərbaycan xalqı mənəvi
cəhətdən necə zəngin bir xalqdır, multikultural əhval-ruhiyyə onun
canında və qanında necə yaşayır və Ulu Öndərimizin əsasını qoyduğu
multikulturalizm hərəkatı bu gün də Azərbaycanda müxtəlif
nəsilləri, zümrələri, konfessiyaları, milli icmaları özündə
birləşdirir. Ulu Öndərimizin dediyi kimi: Azərbaycanda yaşayan
bütün xalqların gücü bütövlükdə Azərbaycanın gücünə çevrilir”, –
deyən Kamal Abdulla qeyd edib ki, Azərbaycan multikulturalizmi
fənni bir neçə Avropa ölkəsində və Şərq ölkələrində tədris
olunur.”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru
Rəvan Həsənov bildirib ki, multikulturalizm Azərbaycanda dövlət
siyasətidir, həyat tərzidir. Onun sözlərinə görə, Azərbaycan öz
multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir.
“Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti
ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və
qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu
davamının nəticəsidir. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq
tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını
təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi
kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq
etmək bizim əsas məqsədimizdir”-deyə, R.Həsənov vurğulayıb.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun direktoru, fəlsəfə
elmləri doktoru, kitabın həmmüəllifi İlham Məmmədzadə kitabın ideya
müəllifi, akademik Kamal Abdullaya və digər həmmüəlliflərə öz
təşəkkürünü bildirib. Qeyd olunub ki, kitab uzun müddət aparılan
elmi-fəlsəfi araşdırmaların, böyük bir zəhmətin məhsuludur: “Bu
kitabda hər kəs öz bilik və bacarığını ortaya qoyub. Kitab nəfis
tərtibatla, geniş elmi araşdırmalarla, müxtəlif dövrlərin
elmi-fəlsəfi mənzərələrini aydın və səlis formada əks olunması ilə
fərqlənir. Tolerantlıq, şübhəsiz, multikulturalizmlə,
mədəniyyətlərarası qarşılıqlı əlaqələr proseslərində iştirak etmək
zərurəti ilə bağlıdır.”

Azərbaycan İlahiyyat İnstitunun rektoru, İlahiyyat üzrə fəlsəfə
doktoru, kitabın həmmüəllifi Aqil Şirinov kitabla bağlı
təəssüratlarını bölüşüb: “Bu gün Azərbaycan bütün dünyaya öz haqq
səsini, haqq savaşını layiqincə göstərə bildi. Azərbaycan
multikulturalizmi bütün dünya xalqları və ölkələri üçün yaxşı bir
nümunədir. Hesab edirəm ki, kitabda həm elmi, həm fəlsəfi, həm də
dini müstəvi aparılan araşdırmalar öz aktuallığı və əhəmiyyəti ilə
xüsusi önəm kəsb edir. Qədim dövrlərdən etibarən bu günümüzə qədər
olan dövrdə yaşayan filosofların, elm adamlarının həyat və
yaradıcılığı müfəssəl şəkildə əks olunub.”
Fəlsəfə elmləri doktoru, kitabın həmmüəllifi Sakit Hüseynov kitabın
hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürün bildirib, atılan
addımların vacibliyindən söhbət açıb. Qeyd olunub ki, kitab
multikultural dəyərlərin aşılanmasında, birgəyaşayışın, sülhün
müasir dünyada xalqların rifah halının yaxşılaşması yönündə bir
sıra məsələləri özündə ehtiva edir.

Kitabın həmmüəllifləri Əhməd Qəşəmoğlu, Əli Fərhadov və Rəşad
İlyasov kitabla bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki,
kitab Azərbaycan multikulturalizmi üçün böyük töhfə hesab
olunur.

Tədbir müzakirələrlə davam edib.

Teqlər: