Azərbaycan-Latviya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib (FOTO)

Aprelin 26-da Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan
Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri cənab
Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda
ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında ölkəmizin
müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın
məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib.
Latviyanın müdafiə naziri fəxri qarovulun önündən keçdikdən sonra
hər iki ölkənin dövlət himnləri səsləndirilib. A.Pabriks “Şərəf
kitabı”nı imzalayıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq ölkəmizdə
görməkdən məmnun olduğunu bildirib, Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən
sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı onlara ətraflı
məlumat verib.
Müdafiə naziri Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlığın
həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata
keçirildiyini və bu əlaqələrin daim inkişaf etdiyini
vurğulayıb.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən cənab A.Pabriks
dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə
əsaslandığını, Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında,
xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu
deyib. Baş nazirinin müavini, həmçinin azad edilmiş ərazilərin
minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində
latviyalı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu diqqətə
çatdırıb.
Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi
məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi
vəziyyət, təhlükəsizlik məsələləri, habelə əməkdaşlığın inkişaf
perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya
Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Teqlər: