Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə heyətinin ilk genişlədilmiş tərkibdə toplantısı keçirilib (FOTO)

Mayın 13-də Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları
Assosiasiyasının (AKTA) İdarə heyətinin ilk genişlədilmiş tərkibdə
toplantısı keçirilib. “JW Marriott” otelində baş tutan toplantıda
Assosiasiyanın fəaliyyət istiqamətləri və yeni layihələri barədə
ətraflı məlumat verilib. Toplantıda kibertəhlükəsizlik sahəsində
fəaliyyət göstərən və Assosiasiyada təmsil olunan “Simbrella”,
“CyberPoint”, “AzeRobot”, “Eurodesign CSC”, “Swiss Cyber
Institute”, “Caspian Tech”, “A2Z advisors”, “Digitalks
Technologies” və “PNetworks” kimi yerli və xarici şirkətlərin
rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Assosiasiyanın sədri Rahid Ələkbərov
toplantı iştirakçılarını salamlayıb. Daha sonra Assosiasiyanın baş
katibi Bulu İsmayılova çıxış edərək Assosiasiyanın üzvlük prosesi
və yeni üzvlük təklifləri barədə ətraflı məlumat verib.

Toplantıda ilk olaraq kibertəhlükəsizlik sahəsindəki
fəaliyyətlərin icra edilməsi, təşəbbüslərin dəstəklənməsi məqsədilə
AKTA daxilində “İdeya mərkəzi”nin yaradılması təklifi müzakirə
olunub. Assosiasiyanın baş katibi Bulu İsmayılova “İdeya
mərkəzi”nin ölkədə kibertəhlükəsizlik və İT sahəsində yeni
layihələrin ortaya çıxarılmasına, təşəbbüskarlığın artırılmasına,
ən əsası yeni mütəxəssislərin və kadrların cəlb olunmasına şərait
yaradacağını qeyd edib.

Assosiasiya tərəfindən cəmiyyətdə kibertəhlükəsizlik sahəsində
maarifçi faliyyətlərin icrası məqsədilə “AKTA Könüllüləri”nin
yaradılmasına olan ehtiyac vurğulanıb. İT üzrə təhsil alan və ya bu
sahəyə marağı olan gənclərin cəlb ediləcəyi layihənin, insan
resursunun cəlb edilməsi ilə qısa müddətdə kibertəhlükəsizlik
sahəsindəki məlumat azlığının aradan qaldırılmasına şərait
yaradacağı qeyd olunub.

Görüşdə həmçinin yeniyetmələr arasında kibertəhlükəsizlik və İT
vərdişlərinin inkişaf etdirilməsi məqsədilə “AKTA Yay
düşərgəsi”-nin icrası barədə iştirakçılara məlumat verilib. Layihə
çərçivəsində iştirakçıların beynəlxalq və yerli kibertəhlükəsizlik
ekspertləri ilə görüşlərinin təşkili, fundamental
kibertəhlükəsizlik biliklərinə oyun əsaslı öyrənmə metodu ilə
sahiblənmələri nəzərdə tutulur. Yay düşərgəsində kibertəhlükəsizlik
simulyasiyalarının və xüsusi hakatonların keçirilməsi də
planlaşdırılır.

Daha sonra Assosiasiyaya yeni üzvlük üçün müraciət edən “Novum”,
“Defscope”, “Nova Digital Solutions”, “Palo Alto” və “ATL”
şirkətləri, onların fəaliyyət istiqamətləri barədə məlumat verilib
və üzvlüyə qəbul edilmələri ilə bağlı plaket təqdim olunub.
Tədbirin sonunda yeni üzvlüyə qəbul edilən şirkətlərin təqdimatları
dinlənilib və Assosiasiyanın gələcək fəaliyyət istiqamətləri barədə
fikir mübadilə aparılıb.

Toplantının yekununda Assosiasiyanın sədri Rahid Ələkbərov
müzakirə olunan mövzulara toxunub, kommunikasiya kanallarının
yaradılmasına olan ehtiyacı qeyd edib. O, Assosiasiyanın
fəaliyyətinə dəstək olanlara öz təşəkkürlərini ifadə edib və uğurlu
nəticələr əldə etmək istiqamətində davamlı olaraq səy
göstərəcəklərini bildirib. Tədbirin sonunda xatirə fotosu
çəkilib.

Teqlər: