V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatıb (FOTO)

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V
“Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mayın 14-də başa
çatıb.

Trend xəbər
verir ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən
“Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət
Qoruğu tərəfindən təşkil olunmuşdur.

Festivalın bağlanış konsertində Ankara Türk Dünyası Musiqisi və
Xalq Rəqsləri Ansamblı, “Melitassi” Folklor Rəqs Ansamblı
(Gürcüstan) və Azərbaycan Dövlət Rəqs Ansamblı milli musiqi
sədaları altında çıxış ediblər.

Üç gün davam edən sayca beşinci festival çərçivəsində milli
rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını
və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri
keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə
alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik
musiqi əsərləri təqdim olunub.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan
torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə
müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük
quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad
olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası
ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən
mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir.
Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də
dirçəlir. Mayın 12-dən 14-dək Cıdır düzündə keçirilən “Xarıbülbül”
musiqi festivalı bunun əyani təsdiqidir.

Teqlər: