Azərbaycan-Kamboca XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

1 iyun 2022-ci il tarixində Azərbaycan-Kamboca Xarici İşlər
Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 3-cü
iclası keçirilib.

Xarici İşlər Nazirliyindən (XİN) AzerTimes-a verilən məlumata görə,
məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının
xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kamboca tərəfini isə
Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq
Nazirliyinin dövlət katibi (nazir müavini) Çem Vidya təmsil
edib.

İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu,
siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın
genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr
aparılıb.

Nazir müavini E. Məmmədov post-münaqişə mərhələsində bölgədə
mövcud yaranmış vəziyyət, işğaldan azad edilmiş torpaqlarda
minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri
haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə, həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar
çərçivəsində, o cümlədən Azərbaycanın Qoşulmama Hərəkatının (NAM)
sədri, Kambocanın isə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının
(ASEAN) sədri qismində əməkdaşlıq perspektivləri müzakirə
olunub.

Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti və Kamboca
Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin
vizadan azad edilməsi haqqında Saziş”i imzalanıb.

Teqlər: