Azərbaycanın aşağıbüdcəli “Buta Airways” aviaşirkəti martın
4-dən etibarən Bakı və Tehran arasında koronavirus pandemiyası ilə
əlaqədar dayandırılmış uçuşları bərpa edir.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, Heydər
Əliyev Beynəlxalq Aeroportundan Tehran hava limanına və əks
istiqamətdə xüsusi reyslər həftədə bir dəfə – cümə günləri yerinə
yetiriləcək.
Həmin uçuşlara biletləri aviaşirkətin rəsmi saytından (“Büdcə”,
“Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin
akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə)
əldə edə bilərsiniz.
Biletlərin dəyəri 29 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş
zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında
xidmət göstərilir.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində
uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
İrana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu
ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə İran
ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir:
https://www.butaairways.az/az/covid/iran
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların
siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/clinics
Azərbaycan vətəndaşları İrandan Vətənə uçuş zamanı COVİD-19-a
dair PCR-testindən keçməlidirlər.
İran vətəndaşları Azərbaycan ərazisinə giriş zamanı COVID-19-a
qarşı peyvəndlənmənin tam kursunu təsdiq edən etibarlı sənəd təqdim
etməli, həmçinin koronavirus infeksiyasına dair PCR-testindən
keçməlidirlər.
İrandan səfər edən sərnişinlərə PCR-testin mənfi nəticəsi barədə
arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə
edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət
prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.
COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində
etibarlı olmalıdır.