Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlər müzakirə olunub (FOTO)

28 mart 2022-ci il tarixində Almaniyaya işgüzar səfəri
çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ
Respublikasının Elm və Siyasət Fondunun Alman Beynəlxalq siyasət və
Təhlükəsizlik İnstitunun direktoru Ştefan Mayer və institun elmi
tədqiqatçıları ilə dəyirmi masa formatında görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş zamanı Azərbaycan
ilə Almaniya arasında ikitərəfli münasibətlər, eləcə də ölkəmizin
Avropa İttifaqı ilə əməkdaşlığı, beynəlxalq aləmdə və regionda baş
verən proseslərə dair geniş fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında
əməkdaşlıq perspektivləri, enerji sahəsində strateji tərəfdaşlıq
məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi və üçtərəfli
bəyanatların imzalanmasından sonra bölgədə yaranmış yeni
reallıqlar, davamlı sülhə nail olunmasına dair imkanlar və
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı
Azərbaycanın mövqeyi barədə qarşı tərəfə ətraflı məlumat verib.
Bölgədə sülh və sabitliyin təmin olunması üçün ilk növbədə
imzalanmış üçtərəfli bəyanatların tam icra olunmasının vacibliyi
vurğulanıb.

Sual cavab formatında davam edən görüşdə tərəflər, həmçinin
qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və
beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş fikir
mübadiləsi aparıblar.

Teqlər: