Azərbaycan İƏT-i mühüm regional təşkilat hesab edir – Sahibə Qafarova

Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatını mühüm
regional təşkilat hesab edir və üzv ölkələrlə həm ikitərəfli, həm
də çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır.

AzerTimes-ın məlumatına görə, bunu Bakıda keçirilən İqtisadi
Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi
Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, xalqlarımızı birgə tarix, mədəniyyət,
ənənələr və din birləşdirir.
“Bu mənada, xalqlarımızın təmsilçiləri kimi, biz, parlament üzvləri
xüsusi məsuliyyət daşıyırıq. İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Assambleyası təşkilatın hədəf və məqsədlərinin
reallaşdırılmasını dəstəkləməklə yanaşı, parlamentlərimiz arasında
əlaqələrin gücləndirilməsinə, xalqlarımızın bir-birinə daha da
yaxınlaşmasına töhfə verir”, – deyə o bildirib.

S.Qafarova vurğulayıb ki, Azərbaycan Respublikasının Milli
Məclisi Parlament Assambleyası çərçivəsində fəaliyyətinə böyük
əhəmiyyət verir.

“Assambleyanın Nizamnaməsinin ratifikasiya edilməsi bunun bariz
nümunəsidir. Mən digər üzv parlamentləri də Assambleyanın
Nizamnaməsini imzalamağa və ratifikasiya etməyə çağırıram. Hesab
edirəm ki, bu addım üzv parlamentlərimiz arasındakı əlaqələrin daha
da genişlənməsinə xidmət edəcəkdir.

Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının mövzusu
olduqca aktualdır. COVİD-19 pandemiyası qlobal iqtisadiyyata,
səhiyyəyə və ictimai həyatın bütün sahələrinə kəskin şəkildə təsir
göstərməklə ciddi çətinliklər yaratmışdır. Təəssüf ki, dünya
ictimaiyyəti bu çətinliklərə hazırlıqlı olmamışdır və böhrandan
çıxış yollarının tapılması üçün müəyyən vaxt tələb olunmuşdur.
Pandemiyanın yaratdığı problemlərin bir-biri ilə bağlı olması və
ilk növbədə, sosial-iqtisadi yükünün ağır olması fonunda, pandemiya
ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması üçün
qlobal səylərin səfərbər olunması zəruri idi.

Azərbaycan Respublikası bu istiqamətdə bir sıra uğurlu qlobal
təşəbbüslər irəli sürmüşdür. Qoşulmama Hərəkatının sədri qismində
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının
COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası
keçirilmiş, 2021-ci ilin mart və dekabr aylarında İnsan Hüquqları
Şurası və Baş Assambleya tərəfindən “COVID-19 pandemiyası ilə
mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə,
vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair
qətnamələr qəbul edilmişdir. Digər tərəfdən, Azərbaycan
pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar
yardım göstərmiş, xəstəlik əleyhinə peyvənd ianə etmişdir.

Teqlər: