Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində təmsil olunur (FOTO)

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu
Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil
olunur.

Trend xəbər verir ki, Biennaledə ölkəmiz “Sevmək üçün
doğulanlar” (“Born to love”) mövzusundakı milli pavilyonla iştirak
edir. Şəhərin ən izdihamlı məkanlarından birində – Müqəddəs Mark
Meydanındakı qədim “Procuratie Vecchie” binasında Azərbaycandan
olan 7 rəssam – Juk (Nərmin İsrafilova), Infinity, Ramina
Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha
Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri təqdim edilir.

Venesiya Biennalesi bütün incəsənət xadimləri və həvəskarları
üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş
incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur.
Azərbaycan pavilyonunda müasir incəsənət üzrə 7 rəssam müasir
texnika və üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda,
ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini sərgi
iştirakçılarına çatdırır.

Sərgidə təmsil olunan müəllif-rəssam Ramina Səadətxan Venesiya
Biennalesində ilk dəfə iştirak etməsi ilə fəxr etdiyini deyir.

Fotoqraf-rəssam Əqdəs Bağırzadə Biennaledə “The other side of
me” layihəsi ilə çıxış edir. “Bir azərbaycanlı, bir foto-rəssam
kimi mən doğrudan da qürür duyuram ki, bu festivalda, bieannaledə
iştirak elədim. Bu, Heydər Əliyev Fondunun dəstəyi və iştirakı ilə
ərsəyə gəlib. Doğrudan da Azərbaycanı burada təmsil etmək bizim
üçün böyük məsuliyyətdir”, – deyə o qeyd edib.

Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc
rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr
həyata keçirir. Venesiya Biennalesində iştirak da bunlardan
biridir.

İki ildən bir keçirilən Venesiya Biennalesində ölkəmiz 2007-ci
ildən iştirak edir. Azərbaycan bu il artıq 8-ci dəfədir müasir
incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunan
Venesiya Biennalesində təmsil olunur. Venesiyadakı Azərbaycan
pavilyonu noyabrın 27-dək açıq olacaq.

Teqlər: