Azərbaycan həm 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsi
ərzində, həm də ondan sonrakı dövrdə beynəlxalq təşkilatlar
tərəfindən ikili standartlarla üzləşib. Bu dövrdə dinc Azərbaycan
əhalisi erməni vandalları tərəfindən qanlı soyqırımılara,
qətliamlara məruz qalıb, ərazilərimiz dağıdılıb, maddi mədəni
irsimiz məhv edilib. Əfsuslar olsun ki, dünya ictimaiyyəti bununla
bağlı susmağa üstünlük verib, Ermənistanla bağlı hər hansı bir
tədbir görməyib. Lakin belə olan halda bu gün Ukraynada baş verən
hadisələrə beynəlxalq təşkilatların çevik reaksiyası onların ikili
yanaşmasının daha bir bariz nümunəsidir.
Bunu AzerTimes-a Milli
Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM)
prokurorunun Ukraynadakı vəziyyətlə bağlı rəsmi araşdırmaya
başladığı elan edilib.
“Əlbəttə, biz bunun əleyhinə deyilik, lakin bütün münaqişələrə
yanaşma eyni olmalıdır. Bir münaqişə zamanı günahsız insanların
qətlimanına səssiz qalmaq, digər münaqişəyə isə belə çevik reaksiya
vermək hansı ədalətə söykənir?! Kim tərəfindən törədilməsindən
asılı olmayaraq, hərbi cinayətlər araşdırılmalıdır və günahkarlar
cəzalandırılmalıdır. Bütün münaqişələrə münasibət eyni
olmalıdır.
Beynəlxalq hüquq prinsipləri də məhz bunu tələb edir, ədalətli
yanaşmanı. Elə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin
təsir dairəsi də dörd əsas beynəlxalq cinayətlə formalaşır:
soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və
təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq
olunmur. Yəni ərazisinə, milliətinə, ölkəsinə, siyasi maraqlara və
s. amillərə görə fərq qoyulmamalıdır. Əgər ortada hərbi cinayət,
günahsız insanların qətliamı, müharibə cinayətləri varsa beynəlxalq
hüququn norma və prinsipləri mütləq şəkildə tətbiq olunmalıdır.
Təəssüflər olsun ki, biz bunu görə bilmirik.
30 il münaqişə davam etdiyi dövrdə Azərbaycan nə qədər haqq
səsini qaldırsa da, erməni vəhşilikləri ilə bağlı beynəlxalq
təşkilatlara nə qədər müraciətlər etsə də onlardan heç bir səs
çıxmadı, beynəlxalq huquq işləmədi, dünya birliyi ədalətsizlik
göstərərk günahsız insanların qətliaməna göz yumdu. Bəs, necə oldu
ki, digər münaqişlərdə beynəlxalq hüquq, ədalət yada düşüdü?!”, –
deyə deputat bildirib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi beynəlxalq
təşkilatların ikili yanaşmasını bir daha üzə çıxardı.
“Azərbaycan hər zamanı olduğu kimi 44 günlük Vətən müharibəsində
də böyük ədalət nümayiş etdirdi, bütün müharibə qaydalarına əməl
edərək layiqli döyüş apardı. Lakin mənfur düşmən həmişəki kimi
çirkin yola əl atdı, döyüş meydanında ordumuz qarşısında aciz
qaldığını görəndə münaqişə zonasından uzaqda yerləşən
şəhərlərimizi, qəsəbələrimizi və kəndlərimizi qadağan olunmuş
raketlərlə atəşə tutdular, Gəncədə, Bərdə, Tərtərdə, Ağdamda,
Mingəçevirdə dinc sakinləri, qocaları, uşaqları qətlə yetirdilər.
Lakin həmin vaxt beynəlxalq təşkilatlar lal, kor və kar olmuşdular,
heç nə demir, heç nə görmür, heç nə eşitmirdilər. Lakin indi
onların dilləri açılıb, gözləri görür və qulaqları eşidir. Bəs,
Beynəlxalq Cinayət Məhkəməsi Ermənistanın müharibə cinayətlərini
niyə araşdırmır, günahkarları niyə cəzalandırmır?!
Görünür, beynəlxalq təşkilatlar maraqlar olan yerdə “ədalətli”
olur, beynəlxalq qanunlar isə əslində bir alətdir. Əlbəttə, bu, çox
təəssüf doğuran haldır və beynəlxalq ictimaiyyətin ədalətdən nə
qədər uzaq olduğunu bir daha nümayiş etdirir. Ümid edirik, heç
olmasa, bundan sonra bu ədalətsizliyə son qoyulacaq, BCM-nin
missiyası Ukraynada olduğu kimi, Azərbaycana qarşı da törədilmiş
hərbi cinayətləri araşdırmaq haqda düşünəcək”, – deyə deputat əlavə
edib.