Azərbaycan güləşçisi Avropa çempionu olub

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa
çempionatı start götürüb.

AzerTimes-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi
məlumata görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə millimizin
4 üzvü çıxış edib.

Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli
Abere Feteneyə 9:2 hesabıyla qalib gələrək yarmfinala yüksəlib.
Ziyanın yarımfinalda rəqibi bolqar İlya Mustakov olub. Görüşün
əvvəlindən təşəbbüsə yiyələnən Babaşov rəqibi üzərində 6:1 hesablı
inamlı qələbə qazanaraq Avropa çempionatının finalına adlayıb. Ziya
martın 8-də həlledici görüşdə gürcü Giorgi Şotadzeylə qarşılaşıb.
Rəqibinə 0:3 hesabıyla uduzan Babaşov Avropa çempionatının gümüş
medalına sahib çıxıb.

Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqar Martin Dimitrovu tam
üstünlüklə məğlub edib – 9:0. Həmyerlimiz 1/4 finalda macar
Kriştofer Klanyiyə də heç bir şans tanımayaraq (7:0) adını
yarımfinala yazdırıb. Xasay yarımfinalda serbiyalı Aleksa İliçlə
üz-üzə gəlib. Rəqibini 5:1 hesabıyla xalçadan məyus yola salan
Həsənli finala yüksəlib. Güləşçimiz martın 8-də qızıl medal uğrunda
gürcü Davit Soloqaşviliylə mübarizə aparıb. Qarşılaşmanın
əvvəlindən təşəbbüsü ələ keçirən həmyerlimiz görüşün taleyini elə
ilk hissədə həll edib. Rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib
gələn Xasay Avropa çempionu olub.

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi
Turpal-Ali Bisultanovla bacarmayıb – 2:10. Ancaq rəqib finaladək
irəlilədiyi üçün Laçın martın 8-də türk Muhutdin Sarıçiçeklə
təsəlliverici görüşə çıxıb və qarşılaşmadan qalib ayrılıb – 7:5.
Həlledici görüşdə erməni Gevorq Tadevosyanla üz-üzə gələn Vəliyev
gərgin mübarizə şəraitində keçən bu qarşılaşmanı da öz hesabına
yazaraq (6:5), Avropa çempionatının bürünc medalını əldə edib.

Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub.
Pəhləvanımız çexiyalı Marsel Albini üzərində qazandığı inamlı
qələbəylə (13:5) yarımfinala vəsiqə əldə edib. Sərxan finala çıxmaq
uğrunda türk Fatih Bozkurtla qüvvəsini sınayıb və görüşdən məğlub
ayrılıb – 6:13. Məmmədov martın 8-də yunan Nikolaos Ntuniasla
üçüncü yer üçün güləşəcək.

Teqlər: