Azərbaycan göstərdi ki, sərhədlərimizdən hədə-qorxu ilə keçirilmiş ermənilərin arxasında Ermənistanın cinayətkar siyasi rəhbərliyi dayanır – Ekspert

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror-diversiya qrupu üzərində hələlik son olan məhkəmə prosesi Azərbaycanın hətta düşmənlərə münasibətdə humanizm prinsipinə üstünlük verdiyini sübut etməklə bərabər onu da təsdiqlədi ki, terror qrupları ilə bağlı Azərbaycanın bütün ittihamları tam əsaslıdır.

Bunu AzerTimes-a açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan bununla bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti Ermənistana və onun vətəndaşlarının bütün qanunsuz hərəkətlərinə qisasçı və ya əbədi düşmənçilik motivi ilə yanaşmır: “Azərbaycan bir dövlət olaraq Ermənistanla sülh və qarşılıqlı etimadın bərpa və davam etdirilməsində maraqlı və iradəli olduğunu nümayiş etdirdi. Heç şübhəsiz ki, Ermənistanın hərbi siyasi rəhbərliyi özünün pozucu və davakar bəyanatlarından sonra Azərbaycan məhkəməsinin ittiham olunan ermənilər qrupuna ən ağır hökmlərin oxuyacağını gözləyirdi. Erməni dövlət -siyasi elitasının bu gözləntiləri Azərbaycana qarşı yeni qaralayıcı beynəlxalq kampaniyalara start verilməsi üçün əsas olmalı idi.Azərbaycan rəhbərliyi və məhkəmə sistemi planlaşdlrılan yeni informasiya təxribatının qarşısını sadə üsulla aldı, hüquqi ittiham epizodlarına prinsipial yanaşmaqla bərabər humanizm prinsipinin də üstün tutulması nəticəsində hazırlanan erməni şouları başlanmadan alt-üst edildi”.

Baş redaktor deyib ki, terror, diversiya kimi bir neçə ağır tərkibli cinayətlərdə ittiham olunan ermənilərə sonda təkcə sərhədlərimizi qanunsuz keçmə maddəsi ilə hökm oxunması o demək deyil ki, göstərilən digər ittihamlar təsdiqini tapmadı: “Əksinə, məhkəmənin son hökmü araşdırmaların nə qədər düzgün, qərəzsiz və obyektiv aparıldığını bir daha ortaya qoydu. Məhkəmə inandırıcı faktlarla sübut etdi ki, ittiham olunan ermənilər əslində öz ölkələrinin cinayətkar hərbi-siyasi elitasının hədə və təzyiqləri altında şəxsi iradələrinə qarşı getməyə məcbur edilmiş təcavüzkar siyasətin qurbanlarıdır. Azərbaycan dövləti Bakı Ağır Cinayətlər məhkəməsinın hökmü ilə misilsiz bir presedent yaratdı. Azərbaycan bütün dünyaya göstərdi ki, sərhədlərimizdən qorxu və şantaj altında keçirilmiş ermənilərin arxasında Ermənistanın dövlət və siyasi elitasının nümayəndələri dayanır. Əslində Bakı Agır Cinayətlər məhkəməsindəki proses Azərbaycana terror-diversiya qrupları göndərən Ermənistan hərbçiləri və siyasətçiləri üzərində uğurlu məhkəmə işidir.

Azərbaycan məhkəməsi bu hökmü ilə erməni cəmiyyətinə ən doğru olan yeni hədəflər göstərdi. Erməni cəmiyyəti Bakı məhkəməsiinin hökmünə obyektiv və vicdanla baxa bilsə ona tam aydın olacaq ki, onların övladlarının faciəsinin baiskarı Azərbaycan yox, onları şantaj altında Azərbaycanın arxa ərazilərinə atmış Qazaryan kimi müharibə caniləridir. Bakı məhkəməsinin hökmündən sonra Ermənistanın hərb sistemindəki gizlinlərdən və cinayətlərdən cana doymuş əsgər valideynlərinin haqq mübarizəsində yeni pillə açıla bilər”.

Ekspert qeyd edib ki, Azərbaycan məhkəmə sisteminin son demarşı və humanist qərarı Azərbaycan dövlət başçısının regional sülhə və ikitərəfli etimada hər vasitə ilə dəstək verməyə hazır olduğunun nümayişidir: “Azərbaycanın məzmunlu mesajlarından biri budur ki, terror qrupunun arxasında duran və hələ də Ermənistanda iş başında olan hərbi-siyasi canilərin kimliyini bilir və Ermənistanın barışıq niyyətlərini real şəkildə biruzə verəcəyi halda zorən diversiya və terrora göndərilmiş çarəsiz sərhəd pozucuları barədə humanist yanaşmanı maksimal həddə qədər davam etdirə bilər. Azərbaycanın qarşılıqlı etimad mühiti yaradılmasına sadiqliyini göstərən bu kurs Ermənistanın sülh və barışığa gətirilməsi prosesinə arzuolunan töhfələri verə bilər”.

Teqlər: