Azərbaycan Gimnastika Federasiyasına Dünya çempionatının təşkilinə görə təşəkkürümü bildirirəm – Morinari Vatanabe

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan Gimnastika Federasiyasına Akrobatika Gimnastikası
üzrə Dünya çempionatının təşkilinə görə təşəkkürümü bildirirəm.

AzerTimes-ın
məlumatına görə, bu barədə Bakıda keçirilən Akrobatika gimnastikası
üzrə 28-ci Dünya çempionatının bağlanış mərasimində Beynəlxalq
Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe
deyib.

M.Vatanabe çıxışında yarışda iştirak edən idmançılara və
rəsmilərə də təşəkkür edib:

“Mən Azərbaycan Gimnastika Federasiyasına, könüllülərə və bütün
tərəfdaşlara möhtəşəm Dünya Çempionatının təşkilində göstərdikləri
səylərə görə təşəkkürümü bildirirəm. Akrobatika gimnastikası idman
növləri arasında ən yüksən artistizm və mükəmməlliyə sahib
növlərdən biridir. Bu bir çox insanı ilhamlandıra bilər. Bu dəfə
musiqi və çıxışlar arasındakı harmoniya, o cümlədən hərəkətlərin
icrasında daha çox artistizm diqqətimi cəlb etdi.

Düşünürəm ki, bu gimnastika növü insanları daha çox cəlb edəcək
bir nöqtəyə gəldi. Çıxışlar dostluğu, inamı, həmrəyliyi gözəl
şəkildə ifadə etdi. İnanıram ki, siz bu xaotik dövrdə insanlıq üçün
bir nümunə sərgilədiniz”.

Sonra Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti
akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının bağlandığını
elan etdi.

Qeyd edək ki, martın 10-13-də Bakıda Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı keçirilib.
Çempionatda dünyanın 17 ölkəsindən 170 gimnast iştirak edib.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi
qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş
hərəkətləri təqdim ediblər.

Teqlər: