Azərbaycan etibarlı tranzit ölkə kimi böyük gəlirlər əldə edəcək – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

İşğaldan azad edilmiş ərazilərimizdə yeni nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanı yeni nəqliyyat qovşağına çevirməklə yanaşı, etibarlı tranzit ölkəsi kimi böyük maliyyə gəliri əldə etməyə imkan verəcək.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə yeni beynəlxalq hava limanlarının inşası, dəmir yol xəttlərinin və quru yolların çəkilməsi ölkəmizi yeni nəqliyyat qovşağına çevirir və tranzit imkanlarını artırır.

Deputat qeyd edib ki, bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu mühüm strateji əhəmiyyətə malikdir:

“Bu dəmir yol xətti Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin mühüm tərkib hissəsini təşkil edir. Azəraycanla Naxçıvan arasında dəmir yol xəttinin çəkilməsi eyni zamanda Türkiyə ilə Azərbaycan arasında Bakı-Tbilisi-Qarsdan sonra ikinci dəmir yol xəttini təşkil edəcək ki, bu da iki ölkə arasında məhsulların və yüklərin daşınmasını asanlaşdıracaq, eyni zamanda Türkiyə ilə Orta Asiya ölkələri arasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

Azərbaycan vasitəsilə Türkiyədən Orta Asiya ölkələrinə yüklərin və məhsulların daşınması üçün yeni imkanlar açılacaq. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizdə çoxlu sayda istehsal sahələri yaradılacaq, çoxçeşidli məhsullar istehsal olunacaq, eyni zamanda kənd təsərrfüatı sahəsində, turizm sahəsində geniş potensial mövcuddur, yeni yaradılan yol-nəqliyyat infrastrukturu həm ölkəmizin ixrac imkanlarını artıracaq, həm də turistlərin ölkəmizə gəlməsini stimullaşdıracaq. Yeni nəqliyyat infrastrukturu eyni zamanda ölkə daxilində sərnişinlərin və yüklərin daşınmasını asanlaşdıracaq. O cümlədən yeni imkanların yaradılması ölkəmizdə biznes mühitini yaxşılaşdıracaq, investorların ölkəmizə marağını artıracaq.

İşğaldan azad edilmiş ərazilərimiz Azərbaycanın iqtisadi-siyasi və strateji üstünlüklər əldə etməsinə imkan yaratmaqla yanaşı, ölkəmizə daha çox valyutanın daxil olmasına, gəlirlərimizin artmasına imkan verəcək. Belə ki, həm yeni nəqliyyat infrastrukturu vasitəsilə tranzit daşımalardan, həm yeni məhsulların istehsal və ixrac olunmasından, həm də turistlərin gəlməsindən əldə ediləcək gəlirlər ümumilikdə ölkə iqtisadiyyatının inkişafına, əhalinin rifahının yaxşılaşmasına xidmət edcək”.

Teqlər: