Azərbaycan əsgəri 20 nəfəri son anda xilas etdi (VİDEO)

Müdafiə Nazirliyinin minaaxtaran hərbiçilərinin peşəkarlığı və
sayıqlığı nəticəsində Kəlbəcərin Günəşli kəndində – ətrafında sıx
yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə
mina aşkarlanıb və çoxlu sayda insan itkisinin qarşısı alınıb.

AzerTimes-ın məlumatına görə,
hadisə aprelin 16-da Kəlbəcər sakininin ermənilər tərəfindən
dağıdılmış evinə təşkil olunan səfər zamanı baş verib.

Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının
nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət ümumilikdə 20
nəfər iştirak edirmiş.

Heyəti daşıyan avtobusun yolunun üzərindəki tank əleyhinə minanı
qəhrəman minaaxtaran əsgər Mərdalı Aşurov aşkarlayıb.

İlkin araşdırmalarla müəyyən edib ki, tank əleyhinə mina buraya
2020-ci il noyabrın 10-dan 25-nədək olan müddətdə – Kəlbəcərin
təhvil verilməsi üçün istənilən əlavə vaxtda evlərinə qayıdacaq
dinc əhaliyə qarşı, kütləvi insan tələfatı törətmək məqsədilə
basdırılıb.

Əgər bu mina aşkar edilməsə və əraziyə səfər etmiş 20 nəfərlik
heyət vaxtında xəbərdar olunmasa idi, onların içərisində olduğu,
həmin yolun üzərindən keçmək üçün yaxınlaşan “Kamaz” markalı
avtobus mina hadisəsi nəticəsində partlayacaqdı, oradan sağ çıxma
ehtimalı çox azdır.

Teqlər: