Azərbaycan Ermənistanın təxribatlarına qətiyyətli cavab verməyə daim hazırdır – MÜSAHİBƏ

SİA Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin müsahibəsini təqdim edir:

Məhərrəm Əliyev inkişaf edən Silahlı Qüvvələrimiz bütün təhdidlərin qarşısının alınmasına qadir olduğunu bildirib. O, qeyd edib ki, əgər Ermənistan bir də işğalçılıq niyyətinə düşərsə ölkəsini tamamilə itirmə təhlükəsi ilə üz-üzə qalacaq: “İravan tarixi Azərbaycan torpağıdır. Onlar əgər Azərbaycanla normal münasibətlər qurmasa,.. Ölkələrinin inkişafını istəyirlərsə işğalçılıq niyətlərindən əl çəksinlər” sitatın sonu.

– Vətən müharibəsinə qədər ölkəmizdə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı ordu quruculuğu aparıldı. İstərdim ki, bu prosesi qısa da olsa təhlil edəsiniz.

– Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar aparan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Cənab Prezidentin vurğuladığı kimi, Silahlı Qüvvələrimiz dünya miqyasında ən güclü ordular sırasında yer alır və 44 günlük Vətən müharibəsində əldə edilən parlaq qələbə bunun bariz nümunəsidir. İşğal altındakı torpaqlarımızın azadlığı uğrunda Azərbaycan Silahlı Qüvvələri apardığı mükəmməl döyüş əməliyyatları ilə XXI əsrdə müharibə nümunəsini göstərdi.Əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Ordumuzun döyüş taktikası və qalibiyyəti xarici hərbi ekspertlər tərəfindən də yüksək qiymətləndirilir və dünyanın aparıcı ölkələrinin hərbi dairələri tərəfindən öyrənilməkdədir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun olaraq yenidən qurulan və təchiz edilən orduları arasında layiqli yerini tutur.
Ordu quruculuğunda mühüm rol oynayan kadr hazırlığı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Silahlı Qüvvələrimizdə xidmət aparan əsgər və zabit heyətinin döyüş ruhunun yüksək səviyyəsiəldə etdiyimiz qələbənin qazanılmasında əsas amillərdən biridir.44 günlük Vətən müharibəsi göstərdi ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində böyük uğurlar əldə edilib. Bunun nəticəsidir ki, Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər yenidən döyüşə qayıtmaları üçün müraciət edirdilər. Azərbaycan əsgəri yüksək mənəvi ruh nümayiş etdirmiş və mövqelərimizdən bir addım belə geri çəkilməmişdir. Düşmən ordusunda 10 min fərarinin olması Ermənistan tərəfindən etiraf olunur.

– Vətən müharibəsində parlaq qələbəmizə qədər, Azərbaycan ordusu bir neçə istiqamətdə uğurlu hərbi əməliyyatlar keçirdi sizcə bu əməliyyatların 44 günlük müharibədə uğur qazanmağımızda nə kimi rolu oldu?

– Qeyd etmək lazımdır ki, Ali Baş Komandan tərəfindən siyasi sabitlik və vətəndaş həmrəyliyi təmin edildi və ötən illər ərzində sistemli şəkildə reallaşdırılan ordu quruculuğu sayəsində Silahlı Qüvvələrin döyüş qabiliyyəti yüksəldi, eyni zamanda ordumuz müasir silah-sursat və texnika ilə təchiz edildi. Vətən müharibəsindən əvvəlki illərdə qazanılan qələbələrimizdə bu reallıqları ehtiva etməkdədir. Hətta deyərdim ki, bu qələbələr bizi böyük zəfərə doğru aparırdı və bu gün həmin nəticə göz önündədir. 2016-cı ilin aprel döyüşləri zamanı düşmənə dağıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilmiş möhtəşəm Günnüt əməliyyatı, həmçinin Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda Babakar istiqamətində əldə etdikləri ciddi uğurlar Silahlı Qüvvələrimizin real qüdrətinin mühüm nümayişi olmuşdur. Nəhayət, 2020-ci ilin 8 noyabrında qədim mədəniyyət və tarixi incimiz – Şuşamız düşmən tapdağından azad edildi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu tarixi qələbə ilə böyük zəfər salnaməmiz yazıldı.

Bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, Ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar durur. Cənab Ali Baş Komandan İlham Əliyev bu kimi məsələlərə xüsusi diqqət göstərir və əbəs deyil ki, öz çıxışlarında Azərbaycan Ordusunun bundan sonra da gücləndiriləcəyini, dünyanın ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini xüsusi ilə vurğulayır.

Hesab edirəm ki, Silahlı Qüvvələrdə çox ciddi və əhəmiyyətli işlər görülüb və bundan sonra da daha yüksək müstəvidə davam etdirilərək Ali Baş Komandanımızın hər bir əmrini icra etmək üçün Azərbaycan Ordusunun daimi döyüş hazırlığı tam təmin olunacaqdır.

– Ordu quruculuğu sahəsində atılan addımlar sonda qələbəmizlə nəticələndi. Hansı sahələrə üstünlük verməyimiz sonda qələbəmizi şərtləndirdi?

– Qeyd etdiyim kimi, ilk növbədə Vətənə və dövlətə hədsiz sevgisi, qələbəyə inam və xalqın vahid şəkildə öz Sərkərdəsinin – cənab İlham Əliyevin ətrafında birləşməsi. Məhz bu amil və eyni zamanda ordumuzun tükənməz döyüş ruhu və düşmənə nifrət hissləri.

Mən burada bir məqama da diqqət yönəltmək istərdim. Ümumi olaraq ordumuzun bütün birləşmələri daim hazırlıq səviyyəsində dayanır və döyüş şəraitinə yaxın olan hərbi təlimlərin keçirilməsi planlı şəkildə davam etdirilir. Müxtəlif coğrafi və hava şəraitlərində həyata keçirilən təlimlərin hər biri döyüş qabiliyyətinin mükəmməlləşməsinə doğru atılan addımlardır. İstər Vətən müharibəsindən əvvəl, istərsə də ondan sonra keçirilən təlimlər də buna bariz sübutdur.

Bu xüsusdaqardaş Türkiyə ilə ardıcıl və planlı qaydada keçirilən təlimlər barədə də danışmaq istərdim. Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Deyərdim ki, İstər Türkiyədə, istərsə də Azərbaycanda keçirilən bu təlimlər, daha geniş miqyası ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə fərqlənir. Bu baxımdan, təlimlərimiz diqqət mərkəzinə düşür və hər iki qardaş ölkənin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirir. Ümumiyyətlə, peşəkarlıq, ən çətin mövqe və şəraitlərdə döyüş aparmaq, düşməni müşahidə etmək kimi vacib məsələlərin dərindən işlənilməsi kimi tətbiqlər şanlı qələbəmizin qazanılmasında böyük rol oynadı. Və bu gün də müvafiq təlimlərimiz uğurla davam etdirilir.

– Vətən müharibəsi dövründə Ali Baş Komandanımız sözün əsl mənasında yüksək peşəkarlıq nümunəsi göstərdi. Həm siyasi, həm diplomatik, həm də hərbi sahədə qələbəmizin memarı sözsüz ki, cənab Prezidentdir. Həmin dövrü qısa necə xarakterizə etmək olar?

– Çox gözəl vurğuladınız. Cənab Ali Baş Komandanımız Vətən müharibəsi dövründə mükəmməl diplomatiyası və hərbi strategiyası ilə dünyanı heyran qoydu. O, eyni vaxtda iki cəbhədə mübarizə apardı – həm aparılan döyüş əməliyyatlarına bilavasitə rəhbərlik etdi, həm də diplomatiyacəbhəsində qətiyyətli mövqe sərgilədi. Belə bir çətin dövrdə Cənab Prezidentin bu qədər iradə, əzm nümayiş etdirməsi qələbəmizi şərtləndirən əsas amillərdən biridir. Ali Baş Komandanın sarsılmaz qətiyyəti sayəsində bu parlaq qələbə əldə olundu.

Cənab Prezident 30-dan çox nüfuzlu xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində, həmçinin 4 saatdan çox davam edən mətbuat konfransında Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətini faktlarla sübut etdi və Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı. Hər bir Azərbaycanlının qürur hissi ilə müşahidə etdiyi həmin tarixi anlar Ali Baş Komandan tərəfindən illərdir ardıcıl və sistemli şəkildə həyata keçirilən daxili və xarici siyasət kursunun məntiqi qələbəsi idi.

– 44 günlük qələbəmizin məntiqi nəticəsi olaraq 10 noyabr üçtərəfli saziş imzalandı. Bu Ermənistan üçün kapitulyasiya aktı idi. Bu gün nədənsə həmin razılaşmanın bəzi müddəaları yerinə yetirilmir. Bu razılaşmanı pozmaqla Ermənistan əslində nəyi hədəfləyir?

– Cənab Ali Baş Komandan İlham Əliyev qarşıda dayanan məsələlər barədə fikirlərini açıqlayarkən vurğulayır ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı və bizimlə hesablaşmalıdır. Sülh və əmin-amanlığı bərpa etməklə regionun inkişafından Ermənistan da bəhrələnə bilər. Məlumdur ki, bu gün Ermənistan yalnız iqtisadi, sosial deyil, həm də hərbi-siyasi böhran içindədir və ölkədə hərc-mərclik davam edir.Eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları 10 noyabr Bəyanatının pozulmasına yönəlmiş addımlardır. Ermənistan Bəyanatın müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz. Əgər Ermənistan tərəfi məntiqsiz düşüncələrlə vəziyyəti gərginləşdirmək cəhdlərini davam etdirərsə, unutmamalıdır ki, dəmir yumruq yerindədir və heç bir halda öz məkrli planlarını həyata keçirməyə imkan verilməyəcək. Onu da qeyd edim ki, artıq dünya birliyi də Azərbaycanın qələbəsini regionda sülhün möhkəmləndirilməsi istiqamətində önəmli töhfə kimi qiymətləndirir. Hesab edirəm ki, Ermənistan bu cəhdlərini nə qədər çox davam etdirərsə, hazırda düşdüyü acınacaqlı vəziyyətini daha da dərinləşdirəcək, hətta dövlətçiliyini itirmək qədər çox ciddi problemlərlə qarşı-qarşıya qalmalı olacaq.

– Son günlər Ermənistanın sərhədlərin delimitasiya və demarkasiyasından imtina etməsi və eyni zamanda sərhədlərimizdə təxribat törətməsi əslində beynəlxalq hüquq normalarının pozulmasıdır. Bu proseslər fonunda biz beynəlxalq birlikdən adekvat münasibət müşahidə etmirik. Bəzən də əksinə təcavüzkara deyil, bizə qarşı bəyanatlar səslənir.

– Mən Prezident İlham Əliyev cənablarının daha bir ifadəsini də xatırlatmaq istərdim. O, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, deyə bəyan etdi, məhz bu fikirlərini önə sürməklə vurğuladı ki, Azərbaycan dövləti yalnız xalqı ilə hesablaşır, xalqın maraqlarından çıxış edir. Biz şahidi olduq ki,30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər nüfuzlu beynəlxalq təşkilatların qərarları icra olunmadı. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu parlaq qələbə ilə ədaləti bərpa etdi. Buradan isə belə bir nəticə hasil etmək olar ki, vaxt, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və qiymətləndirilməsində hakim rolunu oynayır.

Təəssüf ki, dünyada ikili standartlar reallığı bu gün də qalmaqdadır. Bir sıra siyasi dairələrin Ermənistanın təxribatçı əməllərinə göz yummaları, hətta ona dəstək vermələri isə onların özlərinin qəbul etdikləri hüquq prinsiplərini pozur. Lakin Azərbaycan müstəqil dövlətdir və onun maraqlarına qarşı atılan istənilən adımın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq. Ermənistanın təxribatlarına haqq qazandıran dairələr isə yaxşı olardı ki, ədalətin yanında yer alsınlar və 30 il boyunca Azərbaycanın üzləşdiyi ağır nəticələri xatırlasınlar. Əgər bunu da edə bilmirlərsə, tövsiyə edərdik ki, öz daxili problemlərini həll etməklə məşğul olsunlar. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü və suverenliyini tələb olunan normalar çərçivəsində təmin edir və Ermənistan tərəfinin təxribatlarına qətiyyətli cavab verməyə daim hazırdır.

– Qarşı tərəfdən yaradılan bütün maneə və təxribatlara baxmayaraq Azərbaycan öz sərhədlərini bərpa etməkdədir. Bu sahədə görülən işlər hansı mərhələdədir

– Sərhədlərimizin möhkəmləndrilməsi və bərpası işləri tam sürətlə davam etdirilməkdədir. Belə ki, ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılır. 2021-ci ilin 3-4 may tarixlərində mən və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər etmişik. Bu ərazilərdə artıq bir sıra yeni hərbi hissələrin fəaliyyətə başlaması böyük əhəmiyyət kəsb edir. Onu da bildirim ki, bu səfərlər ardıcıllıq xarakter daşıyır.

Bu işlərin aparılmasında cənab Prezidentintövsiyələrindən irəli gələn məsələlərin qısa müddətdə həllini tapması daim diqqətdə saxlanılmaqdadır. Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası, sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri müvafiq qaydada həyata keçirilir. Eyni zamanda sərhəd-döyüş məntəqələrində xidmət aparan hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Ümumiyyətlə, mümkün təxribat cəhdlərinin qarşısının alınması istiqamətində görülən hər bir iş, həyata keçirilən hər bir tədbir bu gün ərazilərimizin mühafizəsində mühüm rol oynayır. Bir daha qeyd etmək istərdim ki, Azərbaycanın qüdrətli ordusu Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır vəziyyətdədir.

Sonda onu da qeyd edim ki, 44 günlük vətən müharibəsinin ən parlaq səhifələrindən biri Şuşanın düşmən işğalından azad olunması oldu. 2020-ci ilin 8 noyabrında qədim mədəniyyət və tarixi incimiz – Şuşamız düşmən tapdağından azad edildi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu tarixi qələbə ilə böyük zəfər salnaməmiz yazıldı.
Bu günlərdə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya səfəri və müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə birgə ordan səsləndirilən bəyanatlar Azərbaycanın mövqelərini daha da möhkələndirmiş oldu. Müxtəlif sahələri o cümlədən hərbi sahəni əhatə edən Şuşa bəyannaməsi ölkələrimiz arasında dostluq və qardaşlıq bağlarını daha da gücləndirdi. Bu bəyannaməyə əsasən tərəflərdən hər hansı birinin müstəqilliyinə, ərazi bütövlüyünə təhdid yaranarsa birgə fəaliyyət razılaşdırıldı. Şuşada imzalanan bu müqavilə ilə Azərbaycan Qarabağın gerçək sahibi olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Teqlər: