Azərbaycan elektrik enerjisi istehsalı və ixracı potensiallarını reallaşdırır – ŞƏRH

Azərbaycan böyük enerji potensialına malik ölkədir. Bu, təkcə
neft və qaz resurslarından ibarət deyil. Həm də elektrik
enerjisinin istehsalı və ixracı istiqamətində potensiallarını
reallaşdırır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən
biri də ekoloji enerji resurslarından səmərəli istifadə
olunmasıdır.

“Azərbaycanın ekoloji təmiz enerji resursları kifayət qədər
böyükdür. Artıq ölkəmiz işğaldan azad edilmiş ərazilərdə
bərpaolunan enerji resurslarının istehsalı istiqamətində proseslərə
başlayıb.

Dövlət başçımızın qeyd etdiyi kimi, beynəlxalq şirkətlər ilə
Cəbrayılda 240 meqavat gücündə günəş və Kəlbəcərdə 100 meqavatlıq
külək stansiyalarının qurulması ilə bağlı məsələlər rəsmiləşdirmə
mərhələsindədir. O cümlədən, Səudiyə Ərəbistanının “Agwa Power” və
BƏƏ -in “Masdar” şirkətləri trəfindən Azərbaycanda külək və günəş
elektrik stansiyaların tikintisinin təməlini qoyulmuş və inşası
davam etdirilməkdədir”, – deyə deputat bildirib.

A.Badamov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə
ermənilər 30 ildə işğal və istismar etdikləri 30 su elektrik
stansiyasını məhv edərək ərazilərimizi tərk edib.

“Biz indi bu istiqamətdə bərpa işləri həyata keçiririk. 2021-ci
ildə işğaldan azad olunmuş ərazilədə 5 su elektrik stansiyası bərpa
olunub. Cari ildə də 4 su elektrik stansiyasının bərpası və
istismara verilməsi nəzərdə tutulur. Gələn il bərpaolunan enerjidən
450 meqavat gücündə enerji istehsalına başlanılacaqdır. Bu, həm 400
milyon kubmetr qaza qənaət, həm də atmosferin dekarbonlaşmasına
verdiyimiz töhfə olacaqdır.

Azərbaycan qlobal çağırışlara zamanında qoşulur. 2030-cu ilə
qədər ölkəmiz istehsal olunancaq elektrik enerjisində bərpaolunan
enerjisınin payını 30%-ə çatdırmağı ilə bağlı qlobal könüllü
öhdəlik götürüb. Amma işlərin gedişatı onu göstərir ki, 2030-cu ilə
qədər Azərbaycan istehsal olunan ümumi enerjidə bərpaolunan
enerjisinin payını 50%-dən çox artıra biləcəkdir. Bu, həm də
ölkəmizin elektrik enerjisinin istehsal həcmlərinin artması
deməkdir”, – A.Badamov əlavə edib.

O vurğulayıb ki, Azərbaycan qonşu ölkələrə elektrik enerjisini
ixrac edir. “Amma yaxın gələcəkdə Avropa bazarına da çıxış
imkanlarımız reallaşacaqdır. Azərbaycan Avropanı nəinki neft və
qazla, həm də onun elektrik enerjisi ilə təminatında fəal rol
oynayacaqdır. Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsi bu
gün həmişəkindən daha çox aktualdır. Azərbaycan isə nefti, qazı,
elektriki və hətta gələcəkdə hidrogenlə təminatında Avropa İttifaqı
üçün yeni və etibarlı mənbə olacaqdır.

Ölkəmizin hidrogen istehsalı potensialı da çox yüksəkdir.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizin innovasiyalar
sahəsində öndə getməyimizə imkan yaradır. Ölkəmiz innovasiyaları və
texnologiyaları tətbiq etməklə zamanın nəbzini vaxtında tuta bilir.
Əgər Bakı-Tiblisi-Ceyhan kəmərini 2006-cı ildə istismara
verməsəydik, bu gün biz Cənub Qaz Dəhlizi layihəsinin icrasından
danışa bilməzdik. Prezident İlham Əliyevin uzaqgörənliyi ilə
2011-ci ildə bu istiqamətdə işlərə başlamağımız 2020-ci il 30
dekabrda TAP layihəsinin açılışını etməklə Avropaya qazımızın
tədarükünə imkanımız yaranmış oldu.

Bu gün dünyada baş verən proseslər onu sübut etdi ki,
Azərbaycanın həyata keçirdiyi qlobal layihələr nəinki ölkəmiz üçün,
həm də beynəlxalq əhəmiyyəti baxımından əvəzsizdir. O cümlədən,
hesab edirəm ki, ölkəmiz elektrik enerjisi istehsalını
genişləndirərək Avropa İttifaqına nəqlə başlamaqla dünya enerji
xəritəsində yeni bir tarixi yenilk edəcəkdir”, – deyə o əlavə
edib.

Teqlər: