Azərbaycan “Doha Ekspo 2023”də təmsil olunacaq

Azərbaycan “Doha Ekspo 2023”də təmsil olunacaq

Azərbaycan Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) milli pavilyonla təmsil olunacaq.

AzerTimes xəbər verir ki, oktyabrın 2-dən 2024-cü il martın 28-dək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (“Green Desert, Better Environment”) mövzusunda təşkil ediləcək. Məqsəd davamlı innovasiyaları təşviq etmək və səhralaşma ilə mübarizə aparmaqdır.

Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat təmsil olunacaq. Ziyarətçilər ekspo çərçivəsində müasir kənd təsərrüfatı, texnologiya və innovasiyalar, ekoloji maarifləndirmə və davamlılıq mövzuları ilə tanış ola biləcəklər.

1,7 milyon kvadratmetr ərazisi olan tədbir məkanı Dohanın ən böyük parklarından biri Al Bidda parkında keçiriləcək. Burada ərazi 3 zonaya bölünəcək: pavilyonların təqdim ediləcəyi Beynəlxalq Zona, əyləncəli tədbirlərin keçiriləcəyi Ailəvi Zona və müxtəlif debatların, konfrans və sərgilərin təşkil olunacağı Mədəniyyət Zonası.

Beynəlxalq Sərgilər Bürosu və Bağçılıq İstehsalçıları Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində təşkil olunan “Doha Ekspo 2023” sərgisini 3 milyondan çox ziyarətçinin qəbul edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan “Pekin Ekspo 2019” Beynəlxalq Bağçılıq Sərgisində də milli pavilyonla təmsil olunmuşdu.

Teqlər: