Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu
Bakının “İndiqo” uşaq bağçasında “Şən panda ilə Çinə səyahət” adlı
maarifləndirici-əyləncəli tədbir keçirib.
Konfutsi İnstitutunun əməkdaşı Firəngiz Mahmudzadə və “İndiqo”
təhsil təşkilatının direktoru Ülviyyə Həsənova Çində uşaqların
həyatından danışıb, çin xəttatlığı və kağızdan naxışlar –
“Tszyançji” kəsmə dərsləri keçirib, uşaqlarla birlikdə çin
gimnastikasının “Tay çi çuan” və çin xalq rəqsinin bəzi
elementlərini öyrədib, çin ənənəvi geyimlərinin nümunələrini
nümayiş etdiriblər. Tədbir zamanı çin musiqisi və mahnıları
səsləndirilib, uşaqlar üçün əyləncəli müsabiqələr keçirilib.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib
ki, Konfutsi İnstitutunda azərbaycanlı məktəblilər üçün çin dili və
mədəniyyəti kursları ilə yanaşı, uşaqlar üçün çin dili qrupları da
təşkil olunur. Fərdi yanaşma əsasında məktəbəqədər uşaqlar üçün
dərslər oynaq, interaktiv formada çin dilində keçirilir. Uşaqlar
çin cizgi filmlərinə baxır, çin nağıllarına qulaq asır, ilk çin
sözü və simvollarını öyrənir, bədii və emosional qavrayış yolu ilə
çin dilini və mədəniyyətini öyrənirlər.