Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin tarixi xidmətlərindəndir – Səttar Möhbalıyev

“Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin istər sovet
hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi
fəaliyyətinin təməlini milli-mənəvi dəyərlərimiz təşkil edirdi.
Sovet hakimiyyəti illərində bu nə qədər çətin və böyük hünər tələb
etsə də, Ulu Öndərimiz bütün bu işlərin öhdəsindən ləyaqətlə
gəlirdi. Azərbaycan dili məsələsi də daim onun diqqət mərkəzində
olub. Ana dilinin qorunması, inkişaf etdirilməsi, mütəmadi olaraq
zənginləşdirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına
xüsusi qayğı ilə yanaşırdı. Bu istiqamətdə vacib və cəsarətli
qərarlar qəbul edirdi. 1970-ci illərin ortalarından SSRİ
respublikalarının ictimai-siyasi həyatında dil məsələsi geniş
müzakirələrə səbəb olmuşdu. Belə ki, ittifaqda milli dillərin
sıxışdırılması prosesi getdikcə güclənirdi, hətta respublika
rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən ehtiyat
edirdilər. Həmin vaxt Heydər Əliyev heç nədən çəkinməyərək dil
məsələsində öz mövqeyini qətiyyətlə ortaya qoydu. Məhz onun
bilavasitə təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul
olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət
dili statusu verildi. Bunu mən şəxsən Ulu Öndərin xalqımız,
Vətənimiz, dövlətimiz qarşısında ən böyük tarixi xidmətlərindən
biri hesab edirəm. O, bu addımı ilə milli varlığımızın təminatçısı
olan dilimizi məharətlə qorumuş oldu”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Ulu Öndərin bu qədər ana dilimizə dəyər
verməsi, onun qorunması üçün bütün çətinliklərə baxmayaraq,
mübarizə aparması Vətənmizə olan sonsuz sevgisindən irəli gəlirdi:
“Bir sözlə, Azərbaycan dilinin qorunması və inkişafı üçün nə mümkün
idisə onu da edirdi. Azərbaycanda dilçi alimlərə yüksək hörmət və
qayğının göstərilməsi, milli dildə nəşr edilən kitabların
tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da
inkişaf etdirilməsi məqsədi daşıyırdı. Yəqin ki, 1995-ci ildə
Azərbaycan Konstitusiyası hazırlanarkən dövlət dilinin necə
adlandırılması ilə bağlı irəli sürülən müxtəlif təklifləri
xatırlayırsınız. Təbii ki, böyük əksəriyyət ana dilimizin
Azərbaycan dili adlandırılmasını dəstəkləyirdi. 1995-ci ildə
ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci
maddəsində dövlət dilinin Azərbaycan dili olması ana dilimizin
inkişafı və qorunmasını daha da möhkəmləndirdi”.

“Ulu Öndərin dilimizin qorunması və inkişafı istiqamətində
gördüyü işləri digər sahələrdə olduğu kimi, sədaqətlə davam etdirən
dövlətimizin başçısı cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət
sayəsində Azərbaycan dilinin geniş tətbiq edilməsi, sərbəst şəkildə
inkişafı üçün hər cür şərait yaradılıb. Dilimizin bugünkü inkişaf
səviyyəsi və zənginliyi imkan verir ki, mürəkkəb və dərin
fikirləri, düşüncələri, hissləri, incə çalarları aydın tərzdə ifadə
edək. Söz bazasının bol olması, geniş ifadə imkanları, mükəmməl
əlifbası, yüksək səviyyəli yazı normaları dilimizin qədim tarixini,
inkişafının bugünkü zirvəsini və kamilliyini bir daha təsdiqləyir.
Hər birimizin də müqəddəs vətəndaşlıq borcudur ki, ən dəyərli milli
sərvətimiz olan dilimizi göz bəbəyimiz kimi qoruyaq, daim qayğı ilə
yanaşaq və gələcək nəsillərə ötürək”, – Milli Məclisin deputatı
deyib.

Teqlər: