Azərbaycan dili vəsaitinin təkmilləşdirilmiş versiyası çap edilib

Xəbər - Humay Ağacanova – Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili (dövlət dili) vəsaitinin təkmilləşdirilimiş versiyasını çap edib.

DİM-dən Trend-ə verilən məlumata görə, vəsaitdən Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumtəhsil müəssisələrinin şagirdləri, müəllimləri və Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahana hazırlaşanlar istifadə edə bilərlər.

Kitab, həmçinin pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodik vəsait kimi də istifadə oluna bilər.


Vəsait fənn kurikulumunda nəzərdə tutulmuş 4 məzmun xətti (“Dinləyib-anlama”, “Danışma”, “Oxu”, “Yazı”) üzrə imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartların təlim nəticələrinə uyğun hazırlanıb. Burada bütün məzmun xətlərinə aid nəzəri materiallar və tapşırıq nümunələri verilib.

Vəsaitdə müxtəlif dillərdə (rus, gürcü, alman, fransız) tərcümə mətnlərinə, şəkillər üzrə işə, dilimizdə çox işlənən atalar sözlərinə, aforizmlərə, yığcam şəkildə verilmiş frazeoloji lüğətə, omonimlər, sinonimlər, antonimlər lüğətinə, rus, gürcü, ingilis və fransız dillərində terminlər lüğətinə, orfoqrafiya, orfoepiya, vurğu, tərcümə lüğətlərinə müəyyən qədər yer ayrılıb.

Teqlər: