Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzində “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi
çərçivəsində xaricdə yaşayan diaspor nümayəndələri ilə görüş
keçirilib.
Dövlət Dil Komissiyasından AzerTimes-a verilən məlumata görə,
görüşdə Mərkəzin əməkdaşları, Misirdə Azərbaycan Diaspor
Təşkilatları Birliyinin və Misir – Azərbaycan Dostluq Cəmiyyətinin
sədri və həmtəsisçisi Seymur Nəsirov, Amerika – Azərbaycan Qadın
Cəmiyyətinin rəhbəri və Amerika Azərbaycanlılarının Koordinasiya
Şurasının İdarə Heyətinin üzvü Minəvvər Vahabova, Pakistan –
Rumıniya Dost Cəmiyyətinin sədri Şəhla İsayeva, Londonda fəaliyyət
göstərən Azərbaycan Qadınlar Klubunun sədri Sevil Aslanova iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc
Əliyeva ölkədə dil siyasətinin formalaşması, Azərbaycan dilinin
dövlət dili kimi tətbiqinin təkmilləşdirilməsi, nüfuzunun
yüksəldilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham
Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Ana dilimizin
diplomatiya aləminə yol açmasını, dünyanın ən mötəbər kürsülərindən
səsləndirilməsini qürurverici hal kimi dəyərləndirən S.Əliyeva
Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi
istiqamətində də Monitorinq Mərkəzinin qarşısında prioritet
məsələlərin durduğunu diqqətə çatdırmışdır. O, xaricdə yaşayan
soydaşlarımız tərəfindən dilimiz və mədəniyyətimizin təbliğinə dair
keçirilən tədbirləri qiymətləndirməklə müxtəlif ölkələrdə yaşayan
və fəaliyyət göstərən həmvətənlərimizlə əməkdaşlığın zəruriliyindən
bəhs edib.
Diaspor nümayəndələri Dünya Azərbaycanlılarının V Qurultayındakı
iştirakları ilə bağlı unudulmaz təəssüratlarını bölüşərək
Qurultayda müzakirə olunan məsələlər, Azərbaycan diasporu
qarşısında qoyulan yeni məqsəd və vəzifələrdən söhbət açmışlar.
Çıxış edən Seymur Nəsirov Misirdə Azərbaycan dilinə böyük maraq
olduğunu, artıq 1150-dən çox tələbənin Azərbaycan dilinə
yiyələndiyini bildirmişdir. Natiq xaricdə Azərbaycan dilinin
tədrisi prosesini daha da təkmilləşdirmək məqsədilə əcnəbilər üçün
Azərbaycan dili proqramlarının hazırlanması, müxtəlif tədris
səviyyələri üzrə xüsusi dərsliklərin nəşr olunması, əcnəbi
tələbələrin müvafiq ədəbiyyatla təmin edilməsi, yay məktəblərinin
yaradılması, Monitorinq Mərkəz tərəfindən onlayn dərs və təlimlərin
təşkili kimi praktik təkliflərlə çıxış edib.
Azərbaycan dilinin tədrisi ilə bağlı mövcud çətinliklərdən
danışan Minəvvər Vahabova xüsusi mərkəzlərin yaradılmasının,
uşaqların ana dilini daha dərindən mənimsəmələri üçün həftəsonu
məktəblərinin fəaliyyətinə dəstək verilməsinin əhəmiyyətini
vurğulayıb.
Aparılan müzakirələrin yekunu olaraq xaricdəki mərkəz və
cəmiyyətlərin fəaliyyətləri yaxından öyrənilməklə Azərbaycan
dilinin dünya miqyasında nüfuzunun yüksəldilməsi və tətbiqi
istiqamətində görüləcək vəzifələr müəyyənləşdirilib.