Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək gələcək fəaliyyətimizdə əsas yer tutur – Fuad Muradov

Gələcək fəaliyyət proqramımızda əsas yeri milli
dövlətçiliyimizin intibah dövrü – Zəfər mərhələsində Azərbaycan
diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur.


Trend
-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V
Qurultayında çıxışında deyib.

O qeyd edib ki, qarşıda duran problemləri aradan qaldırmaq üçün
diaspor təşkilatları arasındakı koordinasiya gücləndirmək, yerli
cəmiyyətlərdə inteqrasiya məsələlərinə diqqət yetirmək,
ictimai-siyasi inkişafa nail olmaq, xarici KİV-lə əlaqələri
intensivləşdirmək, şəxsi mənafeni milli mənafedən üstün tutmaq,
mənəm-mənəmlik prinsipləri kimi hallara son qoymaq, lobbiçilik
fəaliyyətini gücləndirməklə dövlət və hökumət orqanlarına təsir
imkanlarını artırmaq qarşımızda həllini gözləyən əsas
problemlərdəndir.

“Gələcək fəaliyyət proqramımızda əsas yeri milli
dövlətçiliyimizin intibah dövrü – Zəfər mərhələsində Azərbaycan
diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur. Məqsəd
dünya azərbaycanlılarının, soydaşlarımızın və həmvətənlərimizin,
habelə Azərbaycana dost münasibət bəsləyən diasporların
nümayəndələrinin diqqət və qayğısı Qarabağın quruculuğuna
yönəlməsi, ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən Azərbaycan
diasporunun birbaşa və dolayısı ilə iştiraka sövq edilməsi,
müxtəlif ölkələrdə böyük biznes imkanlarına malik azərbaycanlıların
bura – Ana Vətənə sərmayə qoymasıdır. Bunun üçün İqtisadiyyat
Nazirliyi ilə birgə əməli işlərə başlanıb. Prezident İlham Əliyevin
dediyi kimi, “bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan
azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan
dövləti dayanır”, – deyə F.Muradov bildirib.

Teqlər: